Söhrab Əbülfəz oğlu Tahir 27 may 1926-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində anadan olub [1].
Söhrab İranın Kirmanşah şəhərində 1939-1943-cü illərdə “Səadət” və “Şahpur” fars orta məktəblərində təhsil alıb. Daha sonra o, “İran-İngilis neft şirkəti”ndə fəhlə işləyib və şifahi xalq ədəbiyyatı ilə yanaşı, fars ədəbiyyatı, xarici dildən tərcümə kitabları ilə məşğul olub [1].
Şair 1941-ci ildə ailəsi ilə Təbrizə gedib, bir müddət atasının qaynaqçı sexində işləyib. O, 1945-ci ildə – İranda milli demokratik hərəkat dövründə Azərbaycan Demokrat Partiyası sıralarına qəbul olunub. [1]
Söhrab 1946-cı ildə Bakıya təhsil almağa gəlmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşer ixtisasını almışdır [2].
O, 1952-1957-ci illərdə indiki BDU-nun filologiya fakültəsində təhsil alıb, 1959-1961-ci illərdə isə Moskvada M.Qorki adına Ali Ədəbiyyat kurslarında iştirak edib [4].
Söhrab Tahir 1957-1960-cı illərdə Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri və idarə heyətinin üzvü olmuşdur. 1958-ci ildə o, SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. 1959-1961-ci illərdə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində (ADF MK-da) təlimatçı, ADF-nin Bakı şəhər komitəsinin birinci katibi, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifələrində çalışıb [1].
O, 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olub. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda aparıcı elmi işçi, 2003-cü ildən AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi idi [3].
Müəllifin 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi, elmi-publisistik məqaləsi çap olunub. O, “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət”, “Sevgi əfsanəsi” və digər şeirlərin müəllifidir [3].
Söhrab inqilabi və ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 2010-cu ildə Rusiyanın Beynəlxalq V.V. Mayakovski ordeni ilə təltif olunub. O, 1984-cü ildə “Əməkdar mədəniyyət işçisi”, 1998-ci ildə Azərbaycanın “Xalq şairi” fəxri adlarına layiq görülüb. 2006-cı ildə şair “Şöhrət” ordeni ilə təltif olunub [3].
Söhrab Əbülfəz oğlu Tahir 4 may 2016-cı ildə Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub [2].
Ədəbiyyat:
- Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. III cild. Bakı-1988.
- https://ustacaz.wordpress.com/2023/05/27/bu-gun-sohrab-tahirin-dogum-gundur/?fbclid=IwAR0pNFAHPf1DIZrojQES3EZeczEhMNOsxUOeAc11uAcymCde1JRmCxMlZpQ
- http://az.baku-art.com/az/bu-gun-xalq-shairi-sohrab-tahirin-anim-g-n-d-r
- https://www.youtube.com/watch?v=HLwEFzlsEjU