Qabil Əzizulla oğlu Quliyev 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub [3].
O, ilk öncə Tahirli kənd məktəbində, daha sonra isə indiki Cəlilabad şəhər Nizami adına 1 nömrəli məktəbdə oxuyub. Quliyev Cəlilabad şəhərində təhsil alan zaman Pionerlər Evində ilk dəfə Cəfər Cabbarlının “1905-ci il” əsərində rol alaraq, səhnəyə çıxıb. Orta məktəbin 10-cu sinfini bitirdikdən sonra o, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb [1].
Quliyev 1968-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram və kino aktyorluğu fakültəsinə daxil olub. Burada o, Xalq artistləri Əliheydər Ələkbərov və Rza Təhmasibin tələbələrindən biri olub. Universitetdə təhsil aldığı dövrdə Quliyev Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində çalışıb [2].
Qabil Quliyev 1972-ci ildə universiteti bitirdikdən sonra təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilsə də, o, etiraz edərək Moskva şəhərindəki “Mosfilm” kinostudiyasının hərbi kino bazasında fəaliyyət göstərib [1,2]. Aktyor burada kütləvi səhnələrin çəkilişlərində kaskadyor kimi çıxış edib. Bir ildən sonra o, Azərbaycana qayıdıb və Lənkəran Dövlət Dram Teatrında işləməyə başlayıb.
Qabil Quliyev 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi çalışır. Aktyor öz fəaliyyəti dövründə 120-dən çox tamaşada rol alıb, bundan əlavə, bir çox bədii filmlərdə çəkilib [3]. Onun ən tanınmış rolları Cəlil Məmmədquluzadənin “Ölülər” və Üzeyir Hacıbəylinin “Olanlardan-keçənlərdən” əsərlərində yaratdığı Kefli İsgəndər və Mirzə obrazları olub.
Aktyor, həmçinin Lənkəran Dövlət Universitetində 12 il etika, estetika və kulturologiyadan dərs deyib [2].
Qabil Quliyev 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına, 2009-cu ildə isə Azərbaycan Teatr Xadimləri İttifaqının “Şərəf” mükafatına layiq görülüb [3].
Ədəbiyyat: