SON XƏBƏRLƏR

Mirməmməd Cavad oğlu Cavadzadə 18 may 1927-ci ildə Lənkəran şəhərində anadan olub [3].

Cavadzadə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. O, 1948-1951-ci illərdə Lənkəran və Astara xəstəxanalarında işləyib. 1951-ci ildə Cavadzadə Moskva Tibb İnstitutuna daxil olub. O, 1954-1957-ci illərdə Simferopolda, sonra isə Krım Tibb İnstitutunun Urologiya kafedrasında çalışıb [2].

Həkim 1958-ci ildə SSRİ-də ilk dəfə keçirilmiş kəskin böyrək çatışmazlığı olan xəstələrin hemodializində iştirak edib [2,3].

O, 1963-cü ildə Bakıya gələrək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, 1974-cü ildə isə rektor təyin olunub və 45 il bu vəzifədə çalışıb [1,2]. Cavadzadə 1965-ci ildə Azərbaycan Səhiyyə Nazirliyinin baş uroloqu təyin edilib. Onun sayəsində 1988-ci ildə İnstitutun klinikası istifadəyə verilib [2].

Cavadzadənin təşəbbüsü ilə 1966-cı ildə SSRİ dövründə Azərbaycanda yeganə ixtisaslaşdırılmış urologiya klinikası açılıb [1]. Respublika Klinik Uroloji Xəstəxanası Qafqazda yeganə və SSRİ-də isə dördüncü tibb müəssisəsi idi ki, orada böyrək köçürülməsi əməliyyatları uğurla aparılırdı. Hazırda həmin xəstəxana onun adını daşıyır.

1971-ci ildə Cavadzadə Cənubi Qafqazda və müsəlman Şərqində ilk dəfə olaraq terminal böyrək çatışmazlığında böyrək köçürülməsi əməliyyatını həyata keçirir [2].

Ümumilikdə həkim 19 mindən çox əməliyyat keçirib və 700-dən çox elmi məqalənin müəllifidir [1,2].

Cavadzadə Beynəlxalq və Avropa uroloqları cəmiyyətlərinin üzvü idi. 1975-1991-ci illərdə o, həmçinin Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan-Fransa dostluq cəmiyyətinin, Azərbaycan uroloqları cəmiyyətinin, başqa ictimai təşkilatların və qurumların sədri olub. Həkim “Şöhrət” ordeni ilə yanaşı bir çox başqa mükafatlara layiq görülüb [2].

Cavadzadə 7 avqust 2008-ci ildə Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub [1]. 

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. Azərbaycan tibbinin korifeyləri. Bakı-2020.
  3. Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. Bakı-1990.