SON XƏBƏRLƏR

Xocalı faciəsi – Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı orada yaşayan azərbaycanlılara qarşı törətdiyi soyqırım aktıdır. Bu qırğın nəticəsində 63 uşaq ,106 qadın və 70 qoca olmaqla, 613 nəfər həlak olmuş və 487 nəfər yaralanmışdır. 1275 Xocalı sakini əsir götürülmüş və 5379 nəfər daimi yaşayış yerlərini məcburi tərk etmişdir. Əsir düşən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi məlum deyil.

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsildi. Yeganə nəqliyyat vasitəsi vertolyot idi. Lakin Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması nəticəsində 40 nəfərin həlak olmasından sonra bu əlaqə də kəsilmişdi. 1992-ci il yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi.

Fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan atəşə tutuldu. Bu səbəbdən fevralın 26-sı, səhər saat 05:00 radələrində Xocalı tam alov altında idi. Əhali hücum başlayandan sonra azərbaycanlıların yaşadığı ən yaxın yerə yol tapıb qaçaraq evlərini tərk etməyə cəhd göstərdilər, lakin buna da imkan verilmədi. Xocalını işğal etmiş ermənilər dinc əhalini qətlə yetirməyə başladılar.

Ermənistanın Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. Xocalı Xankəndidən 10 km aralıda, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıda idi. Ermənilər etiraf etmişdilər ki, onların silahlı dəstələrinin ilk əsas məqsədi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.