SON XƏBƏRLƏR

Şeyxülislam Allahşükür Hümmət oğlu Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. 29 iyul 2003-cü ildə Allahşükür Paşazadə Qafqaz müsəlmanlarının XI Qurultayında ömürlük sədr – şeyxülislam seçilmişdir.

Allahşükür Paşazadə orta məktəbdə oxumaqla yanaşı yerli ruhanilərdən dini təhsil almışdır. O, 1968-1970-ci illərdə Özbəkistan Respublikasının Buxara şəhərində “Mir-Ərəb” mədrəsəsində oxumuşdur. 1975-ci ildə isə Daşkənd İslam İnstitutunu bitirərək, tam ali dini təhsil almışdır.

Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib vəzifəsində çalışmış, 1978-ci ildə qurumun sədr müavini seçilmişdir. O, 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilərək Şeyxülislam adına layiq görülmüşdür. Paşazadə SSRİ-nin bir sıra beynəlxalq və ümumittifaq miqyaslı təşkilatlarında Rəyasət Heyətinin üzvü olan yeganə din xadimi idi.

Allahşükür Paşazadənin təşəbbüsü ilə Bakı İslam mədrəsəsi 1989-cu ildə təsis edilmiş, 1991-ci ildən Bakı İslam Universiteti kimi fəaliyyət göstərməyə başlamışdır.

1991-ci ilin dekabrında Allahşükür Paşazadənin təşəbbüsü ilə Azərbaycan, İslam Konfransı Təşkilatının üzvlüyünə qəbul edilmişdir. Bu fakt 47 müsəlman dövləti tərəfindən Azərbaycanın müstəqil müsəlman ölkəsi kimi qəbul edilməsi, Qarabağ probleminin beynəlxalq müstəviyə çıxarılması demək idi.

Paşazadə 2009-cu ilin iyulunda YUNESKO yanında yaradılan din xadimlərinin Məşvərət Qrupunun üzvü seçilmişdir.

Şeyxülislam Allahşükür Paşazadə bir çox ali mükafatlarla təltif olunub: Misirin I dərəcəli “Əl elm və əməl” (1992) ordeni, Çeçen Respublikasının “Millət Qəhrəmanı” ordeni (1998), Pus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Vladimir” (2001) və I dərəcəli “Sergi Rodonnejski” (2005) ordenləri, Gürcüstan Respublikasının “Şərəf” (2002) ordeni, Vatikan dövlətinin “Müqəddəs Greqori” ordeni (2005), Rusiya Federasiyasının “Dostluq” (2006) ordeni, İordaniya krallığının I dərəcəli “Kral Hüseyn” ordeni (2007) və s.