Fəyyaz Qasım oğlu Fərəcov 1921-ci ildə Masallı rayonunun Qasımlı kəndində anadan olub. O, ilahiyyat elmini bildiyindən doğulduğu kəndin seçilmiş şəxsiyyətlərindən biri sayılırdı [1].
Fərəcov 1941-ci ildə Masallı rayon hərbi Komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılaraq Rostov vilayətinin Proxladnaya şəhərində yerləşən hərbi hissələrin birində xidmət etməyə başlayıb. O, 1941-ci ildə Böyük Vətən müharibəsi zamanı Krımın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib [2].
Fəyyaz Fərəcov 1942-ci ilin may ayında İzyum (Xarkov) şəhərində gedən döyüşlərdə başından yaralanaraq alman ordusu tərəfindən əsir götürülüb [3,4]. O, həmin zaman Stalino (indiki Donetsk) və Ştrans şəhərlərindəki hərbi əsir düşərgələrində saxlanılıb. Fərəcov orada 4-5 ay qaldıqdan sonra İtaliyaya göndərilib. O, 19 noyabr 1944-cü ildə ingilis komandanlığı tərəfindən 2909 nömrəli qoşun hissəsinə çatdırılıb.
Fəyyaz Fərəcov 21 noyabr 1944-cü ildə Uzaq Şərq mədənlərinə göndərilib və burada 1947-ci ilin aprel ayınadək işləyib [2]. Daha sonra o, Qasımlı kəndinə qayıdıb. Kənddə Mirhüseyn ağadan dini təhsil alaraq sonradan özü məsciddə Quran dərsi verib [1].
Döyüşçü “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbəyə görə”, “1941-1945-ci illərdə Qələbənin 30 illiyi”, “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, “Əmək veteranı” və s. medal və ordenlərlə təltif olunub [4].
19 may 1998-ci ildə Fəyyaz Fərəcov uzun sürən xəstəlikdən sonra Masallı rayonunun Qasımlı kəndində vəfat edib və kənd qəbiristanlığında dəfn olunub [1].
Ədəbiyyat:
- Mehdi Fəyyazlı. Qasımlı kəndi. Bakı-2020.
- https://www.moypolk.ru/soldier/faradzhov-fayaz-kasym-ogly
- https://frontline.su/story/faradzhov-fayaz-kasym-ogly/
- https://tengrinews.kz/pobediteli/veteran/2371/