Baba Əmir türbəsi Masallı rayonunun Güllütəpə və Köhnə Alvadı kəndləri arasında, Tatyanoba kəndinin yaxınlığında, yol kənarında, açıq sahədə yerləşir. Türbə XIX əsr abidəsi kimi qeydə alınıb.
Ocaq Baba Əmir adlı şəxslə bağlıdır [1]. Alim Məşədixanım Nemət “Azərbaycanda pirlər” adlı kitabında qeyd edir ki, orta əsrlərdə ərəb dilində “şeyx”, “həzrət”, Azərbaycan dilində “baba”, “ağa” sözləri ləqəb olaraq böyük ruhani alimlərə, təriqət başçılarına verilirdi [2]. Ehtimal olunur ki, Əmir adının qarşısında olan Baba sözünə görə, həmin adam təriqət başçısı və ruhani alim olub. Alimin sözlərinə əsaslanaraq, güman etmək olar ki, ocaq orta əsrlərə aid olub.
Əmir Baba türbəsi sovet dövründə dağılmışdır. Lakin həmin yerdə 1990-cı illərdə Tatyanoba kəndində yaşayan seyidlər tərəfindən yenidən məqbərə ucaldılıb [1].
Ədəbiyyat:
- İldırım Şükürzadə, Zahir Əmənov. Masallının tarix və mədəniyyət abidələri. Bakı-2021.
- Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-1992.



