Əli bəy Şahkərim bəy oğlu Bəylərbəyov 1894-cü ildə Masallı rayonunun Xıl kəndində anadan olub [2].
Bəylərbəyov Lənkəran gimnaziyasını bitirdikdən sonra Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alıb [1,3]. O, 1915-ci ildə Tiflisdə hərbi məktəbə qəbul olub [1]. Əli bəy hərbi məktəbi praporşik rütbəsi ilə bitirərək, Birinci Dünya müharibəsinə yollanıb [2]. 1916-cı ildə Qafqaz cəbhəsində Ərzurum əməliyyatının hazırlanıb həyata keçirilməsində olan xidmətlərinə görə, Qafqaz canişini Nikolay Nikolayeviç Romanov tərəfindən qızıl qılıncla mükafatlandırılıb [4].
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əli bəy hərbi məktəbdə müəllim kimi çalışıb. Bir müddət keçdikdə isə zabitlər hazırlayan məktəbin rəisi olub. O, 1921-ci ilin iyununda hərbi məktəbin batalyon komandiri vəzifəsinə təyin edilib [1]. Əli bəy, həmçinin həmin il hökumət tərəfindən gümüş qılıncla mükafatlandırılıb.
Əli bəy Bəylərbəyov 1922-ci ilin sentyabrından 1924-cü ilin fevralına kimi Azərbaycan SSR Daxili İşlər Komissarlığının Baş Milis İdarəsinin rəisi vəzifəsində çalışıb. O, Azərbaycanın ilk daxili işlər komissarı hesab edilir [4].
Hərbçi indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin plan-iqtisadiyyat fakültəsində təhsil alıb [2]. O, həmçinin bir müddət Azərbaycan Balıq Trestində işləyib [1].
1930-cu illərdə Bəylərbəyov Masallı rayonunun Xıl kəndində orta məktəbin tikilməsinə nail olub. Hazırda həmin məktəb onun adını daşıyır [2].
16 oktyabr 1934-cü ildə Əli bəy Dövlət Plan Komitəsi Sənaye İdarəsinin rəisi vəzifəsinə təyin edilib [1].
O, 19 sentyabr 1937-ci ildə həbs edilib [2]. Əli bəy Bəylərbəyov 3 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsi hərbi kollegiyasının qərarı ilə “Xalq düşməni” kimi güllələnib. O, Bakı şəhərində dəfn edilib [3].
Deyilənə görə, Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində Əli bəy Bəylərbəyovun Müsavat ordusunun zabiti kimi bolşeviklər tərəfindən həbsə alınmasının qarşısını Səməd bəy Mehmandarov alıbmış.
28 noyabr 1956-cı ildə Əli bəy bəraət alıb [4].
Ədəbiyyat:
- http://anl.az/down/meqale/express/2015/mart/426574.htm
- https://zumrudcavid.wordpress.com/2014/08/31/az-tanidigimiz-boyuk-s%C9%99xsiyy%C9%99tl%C9%99rd%C9%99n-biri-%C9%99li-b%C9%99y-b%C9%99yl%C9%99rb%C9%99yov/
- https://ru.openlist.wiki/%D0%91%D0%B5%D0%B3%D0%BB%D1%8F%D1%80%D0%B1%D0%B5%D0%BA%D0%BE%D0%B2_%D0%90%D0%BB%D0%B8-%D0%B1%D0%B5%D0%BA_%D0%A8%D0%B0%D1%85%D0%BA%D0%B5%D1%80%D0%B8%D0%BC_%D0%BE%D0%B3%D0%BB%D1%8B_(1894)
- Novruz Novruzov. Masallı. Bakı-1990.