Kinorejissor və aktyor Ağarza Səməndər oğlu Quliyev 26 dekabr 1898-ci ildə Lənkəran şəhərində anadan olub [1]. O, Azərbaycan milli kinosunun yaradıcılarından biridir [3].
Quliyev 1924-cü ildə Azərbaycan Teatr məktəbini, 1927-ci ildə isə kinofabrikanın nəzdində ikiillik kino emalatxanasını bitirib. O, 1924-cü ildən kinostudiyada aktyor kimi fəaliyyətə başlayıb, sonralar isə rejissor köməkçisi olaraq çalışıb [1].
1924-cü ildə Ağarza Quliyev ilk dəfə “Bayquş” filmində “nökər Əli” rolunu canlandırıb. O, bu rol haqqında xatirələrində belə yazıb: “Filmdə Əlinin özünü dənizə atması kadrının real alınması üçün fırtınalı havada suya tullanmalı oldum. Üzməyi bacarmadığım üçün az qala batacaqdım. Yoldaşlarım vaxtında köməyimə gəlməsəydi, kinoyla da, həyatla da vidalaşacaqdım” [4].
Aktyor “Dağlara hücum”, “Əlsiz adamlar”, “Gilan qızı”, “İlk komsomol buruğu”, “Qızıl kol” və digər filmlərdə də müxtəlif rollar ifa edib, C.Cabbarlı, A.M.Şərifzadə, M.Mikayılov kimi sənətkarlarla birgə çalışıb [1,4]. O, 1930-cu ildə Gürcüstana dəvət olunub və burada çəkilən “Görüş” filmində mühəndis “Əhməd” rolunu alıb [3].
Ağarza Quliyev 1934-cü ildən kinorejissor kimi fəaliyyət göstərib. O, “Vətən oğlu”, “Bəxtiyar”, “Dostlar”, “Almaz”, “Yeni horizont”, “Qara daşlar”, “Səhər”, “Ulduz”, “Mən ki, gözəl deyildim” və s. filmlərin rejissorudur. Həmçinin Quliyev bir çox sovet filmlərini Azərbaycan dilinə dublyaj edib.
Quliyev 1960-cı ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb [1]. O, Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox filmin rejissoru və aktyoru kimi çalışıb [2].
Ağarza Quliyev 15 sentyabr 1976-cı ildə Bakı şəhərində vəfat edib [1].
24 oktyabr 2008-ci ildə Bakıdakı Muzey Mərkəzində Ağarza Quliyevin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib [3].
Ədəbiyyat:
- Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
- http://az.baku-art.com/az/bu-gun-azerbaycan-rejissoru-azerbaycan-ssr-em-kdar-inc-s-n-t-xadimi-agarza-quliyevin-anim-g-n-d-r
- http://anl.az/down/medeniyyet2008/oktyabr/medeniyyet2008_oktyabr_177.htm
- https://medeniyyet.az/page/news/51204/Meqsede-dogru.html?lang=az