SON XƏBƏRLƏR

20 yanvar 1990-cı il şəhidlərinin xatirəsinə ilk abidə Astara rayonunun Şiyəkəran kəndində ucaldılıb. Abidə coğrafiya müəllimi Ənnam Əmrayevin və kənd sakinlərinin şəxsi vəsaiti ilə inşa olunub.

Kənd sakini Yunus Qulamov (Ənnam Əmrayev onun dayısı idi) bu abidənin şəhidlərin qırx mərasiminə bir həftə qalmış hazırlandığını və kəndin mərkəzində qoyulduğunu qeyd edib [3]. Lakin həmin il sərhəd rayonu olan, xüsusi xidmət orqanlarının ciddi nəzarətində saxlanılan Astara rayonunda, mərkəzi hakimiyyətin icazəsi olmadan hər hansı bir abidənin qoyulması çətinliklər yaradırdı. Həmçinin o zaman bu hadisəyə tam hüquqi qiymət verilməmişdir [1].

Həmin günlərdə yollar, həmçinin Ələt-Astara yolu da bağlı idi. Abidə Bakıda hazırlanaraq, gizlicə kəndə gətirilmişdir. Ənnam müəllim bu abidəni qoymaq istəyəndə, o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) əməkdaşları dəfələrlə ona hədə-qorxu gələrək, mane olmağa çalışırdılar. Əmrayev öz istədiyinə nail olsa da, abidə qoyulandan bir il sonra, 35 yaşında, müəmmalı şəkildə dünyasını dəyişmişdir. Onun vəfatında, yerli kənd sakinlərinin ehtimalına görə, keçmiş DTK-nın rolu var idi [3].

Astara sakini Akif Səfərov bu hadisə haqqında deyib: “20 Yanvar qədər bizi ağrıdan, ürəyimizi parçalayan hadisə hələ olmamışdı. O vaxt bizim kənddə evlərdə yas saxlanılırdı. Qara bayraqlar asılmışdı” [1].

20 yanvar 1990-cı ildə sovet ordusu tərəfindən Azərbaycanda 134 nəfər qətlə yetirilmiş, 800-ə qədər insan yaralanmışdır [4]. Hadisənin həmin gecəsi şəhid olanlardan ikisi astaralı idi. Onlar rayonun Şahağac kənd sakini Əliyev Çingiz Mirzəhüseyn oğlu və Səlivə kənd sakini Əsgərov Novruz Faiq oğlu idilər [2].

20 Yanvar faciəsi qurbanlarının xatirəsi bütün Azərbaycanda, həmçinin də Astara rayonunda hər il böyük ehtiramla yad edilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ədəbiyyat:

  1. https://www.youtube.com/watch?v=7ts7MI9NUqs
  2. https://xalqqazeti.com/mobile/az/news/39130
  3. https://sputnik.az/life/20210120/426015688/Azerbaycanda-20-yanvar-shehidlerine-ilk-abide-nece-qoyuldu.html
  4. http://astara-ih.gov.az/news/104.html
Foto Cenublu.az
Foto Cenublu.az