SON XƏBƏRLƏR

Ute məhəlləsi Astara rayonunda, Sım kəndinin cənub-qərb hissəsində, kənddən keçən mərkəzi yolda, Təngəru çayını formalaşdıran iki çayın qovşağında yerləşir [1]. Bu məhəllədə müxtəlif yazılı nəhəng daşlar çox olduğundan ərazini, həmçinin “Astaranın Qobustanı” da adlandırırlar [3]. “Ute” sözü “güllü-çiçəkli məkan” mənasını daşıyır.
Qədimdə buradakı Ute adlanan meydanda pəhləvanlar güləşirdilər. Yerli sakinlərin sözlərinə əsasən, Sım kəndinin ərazisində “Şahnamə” əsərində qeyd edilən pəhləvan Rüstəm Zalın oğlu Samın övladlarının tayfası yaşayıb [2].
Məhəllədə ərazinin qədim sakinlərinin inancları və dünyagörüşləri ilə bağlı bir çox abidələr mövcuddur. Ute məhəlləsinin mərkəzindən şimal-qərbdə yerləşən nəhəng daşlar üzərində petroqliflər aşkarlanıb. Həmin rəsmlər metal alətlə nazik çərtmə (ağacın, metalın və s. səthindən itiuclu alətlə kəsib götürmə) üsulu ilə çəkilib. Bu təsvirlərin əksəriyyətinin süjeti kənd həyatı səhnələridir. Onların sırasında “ulduzlu-səmalı” qaya, “işarəli” qaya, “akveduklu” qaya, “Padşah taxtı” və s. üzərində qədim təsvirlər olan daşları qeyd etmək olar.
Hazırda Utenin mərkəzi hissəsi kənd stadionu üçün düzlənmişdir, lakin bu günədək ərazidə bir çox qədim təsvirli daşları görmək mümkündür [1].
Ədəbiyyat:
1. Tufan İsaak oğlu Axundov. Astarada 20 gün. Bakı-2009.
2. https://sputnik.az/life/20210808/427619900/Sim-Shah-Ismayliin-neslinden-olan-alimlerle-Rustem-Zalin-pehlevan-nevelerinin-kendi.html
3. https://www.youtube.com/watch?v=vd70viGWlUw