XIX əsrdə imzalanan Gülüstan və Türkmənçay müqavilələrinə görə, Astara Rusiya və İran arasında iki yerə bölünmüşdür [1,4].
1 yanvar 1813-cü ildə Lənkəran qalasının ruslar tərəfindən alınması onların İranla imzalanan Gülüstan sülh müqaviləsini şərtləndirən amillərdən biri idi. Bu müqavilənin bəndlərindən biri Talış xanlığının Rusiyaya birləşməsi olub [2]. Lakin Talış xanlığının ərazisində olan Astara məhz bu zaman iki yerə bölündü. 1813-cü ildə imzalanan Gülüstan sülh müqaviləsinə əsasən, sərhəd Astaraçay çayı boyunca keçməli, Astaranın bir hissəsi olan Qum yaşayış yeri (hazırda Azərbaycanın tərkibində Astara şəhərinin ərazisindədir) isə Rusiyanın tərkibinə daxil olmalı idi [5].
Rusiya-İran müharibəsinin başa çatması və 1828-ci ildə Türkmənçay sülh müqaviləsinin bağlanması Gülüstan sülh müqaviləsinin bütün şərtlərini təsdiqlədi. Həmin müqavilədə də sərhədin Astaraçay çayı boyunca keçməsi qeyd olunmuşdur [4].
2 dekabr 1954-cü ildə SSRİ və İran arasında imzalanan sazişə görə, Astaranın bir çox kəndləri İranın Gilan vilayətinə (ostanlığına) birləşdirilmişdir [1,6]. Bu tarixdən sonra Stalinin əmri ilə İranla sərhəddə yerləşən bir çox yaşayış məntəqələrindən insanlar məcburi olaraq digər kəndlərə köçürülmüşdülər. Buna səbəb kimi isə sovet hökuməti burada yaşayanların İrana tez-tez getməsini qeyd etmişdir [3].
Ədəbiyyat:
- Советская военная энциклопедия. Том 3. Москва-1977.
- А.Р.Иоаннисян. Присоединение Закавказья к России и международные отношения в начале XIX столетия. Ереван-1958.
- https://avestatalysh.com/2016/08/03/stalinin-%C9%99mri-il%C9%99-talislarin-astara-v%C9%99-lerikd%C9%99n-surgun-olunmasi-sahidl%C9%99r-danisir/
- http://www.hist.msu.ru/ER/Etext/FOREIGN/turkman.htm
- https://nangs.org/news/midstream/galopom-po-kaspiyu-iran
- https://www.azerbaijans.com/content_317_az.html