Bala Şahağac kəndi Astara şəhərindən 16 km şimalda, Lənkəran ovalığında, Xəzər dənizi sahilində, düzənlikdə yerləşir [1,3].
“Bala Şahağac” söz birləşməsi Azərbaycan dilində olan “bala” (kiçik), “şah” (böyük, iri) və “ağac” hissələrinin birləşməsindən yaranıb [4]. “Şahağac” ərazidəki ağac növlərindən birinin adıdır [3].
Bala Şahağac kəndinin ərazisində bir neçə tarixi abidə mövcuddur. Onların sırasında 1890-cı illərdə inşa edilmiş üç ləm, XX əsrə aid Bala Şahağac kənd məscidi və s. memarlıq abidələrini qeyd etmək olar [2].
Kəndin əhalisi, əsasən, əkinçilik, balıqçılıq və maldarlıqla məşğuldur [1]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, bu kənddə 929 nəfər yaşayıb [5].
Ədəbiyyat:
- Azərbaycan milli ensiklopediyası. III cild. Bakı-2010.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı-2007.
- Budaq Budaqov, Nadir Məmmədov. Azərbaycan Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı-2008.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010.