SON XƏBƏRLƏR

Hamam 1806-cı ildə xeyriyyəçi Kərbəlayi Həmid Abdulla tərəfindən Astara rayonunun Ərçivan kəndində tikilib. Cənub bölgəsinin şərq üslubunda tikilmiş ən qədim hamamlarından biri sayılır.

Bu hamam yumurta sarısı və ocaq külünün qarışığından hazırlanmış məmulatla çiy kərpicdən hörülüb. Abidənin səkkiz günbəzi var. Yuxarıdan səkkizguşəli ulduz kimi görünür. Günbəzlərin quruluşu gün işığının içəri daxil olmasına imkan verir. Gecələr isə hamamda şam işığından istifadə edilirdi.

Qəsəbə sakini Əsədulla Musayev hamamın müalicəvi əhəmiyyətli olduğunu qeyd edib: “Hər kəsin evində hamam var. Amma bu hamamın müalicəvi əhəmiyyəti var. Ağrıları olan yaşlı insanlar gəlib burada müalicə olunurdu”.

Sakinin sözlərinə görə, hamamda heç bir texnikadan istifadə olunmayıb. Su quyudan çəkilirdi və qazanxanada isidilirdi. İsitmə üçün, əsasən, odundan istifadə edilib. Tüstünün çölə çıxdığı kanallar hamamın döşəməsi boyu keçərək əlavə isitmə funksiyasını da daşıyıb.

Hamamın mühafizəçisi Baloğlan Xudadadov bildirib ki, bu hamam həftənin iki günü qadınlar, dörd gün isə kişilər tərəfindən istifadə edilib. Həftəfə bir gün isə yoxsullara ayrılırdı: “Kərbəlayı Həmid Abdulla elə insan idi ki, yoxsullara bu hamamda pulsuz, parasız çimməyə icazə verirdi”. Hamam karvan yolunda yerləşdiyinə görə buradan səyyahlar və tacirlər də istifadə edilirdi.

Sovet dövründə hamam yerli kolxoza məxsus idi. Buradan əldə edilən vəsait kolxozun əlavə gəliri kimi istifadə olunurdu. Ərçivan hamamı sonuncu dəfə 1980-ci ildə təmir edilib və həmin ilin sonuna kimi yerli əhalinin istifadəsində olub.

Abidə, 2001-ci ilin avqustundan dövlət tərəfindən qorunur, lakin uzun zaman təmir olunmadığına görə, yararsız hala düşüb. Nəticədə günbəzlərindən biri dağılıb. Yerli əhalinin kollektiv müraciətləri nəticəsində 2021-ci ilin 21 iyununda Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən hamamın bərpası haqqında qərar verilmişdir.

Mənbələr:

  1. https://ambur.az/astarada-kerbelayi-hemid-abdulla-hamami-berpa-olunacaq
  2. https://www.youtube.com/watch?v=XJuU0OFN7As
  3. https://www.youtube.com/watch?v=WVJpTxfFZwE

    Foto Cenublu.az
    Foto Cenublu.az