SON XƏBƏRLƏR

Pir-e bılınd ziyarətgahı Astara rayonunun Sım kəndi ərazisində, Uti xarabalığın qərbində yerləşir [1].

Talış dilindən tərcümədə “pi” (qoca), “bılınd” (hündür) deməkdir [2]. “Pir-e bılınd” sözü, həmçinin “uca pir” və ya “ucada duran pir” mənasını verir [1].

Ziyarətgahın mərkəzində təpədə qədim bir xarabalığın yerini görmək mümkündür. Təpənin quruluşu kurqanı xatırladır. Kurqanın ətəyində üç qəbir yerləşir. Həmin qəbirlərin üzərində üç pilləli böyük daş var. Buranı ziyarət edənlər niyyət tutub, qəbir daşının üzərinə kiçik bir daş parçası qoyurlar. Xalq arasında olan inanca görə, şəfa tapmaq üçün ziyarətçilər paltarının bir hissəsini qəbrin yanındakı kolun budağına bağlayırlar.

Rəvayətə görə, XIX əsrin ortalarında həmin qəbirlərin üzərində bir neçə dəfə məqbərə tikilsə də, bu tikililəri səhəri gün qəbrin 100-150 metrliyindəki dərədə axan çayda görüblər. Ona görə də indiyə kimi ziyarətgahda məqbərə tikilməyib [1].

Ziyarətgahda “peştodəsığ” (və ya “peşt penua sığ”, yəni bel söykənən daş) adlanan daş mövcuddur. Yerli əhalinin sözlərinə görə, belində problemləri olan şəxslər, buraya gələrək üç dəfə belini həmin daşa söykiyər, özü ilə gətirdiyi bir sancağı daşın üstünə qoyar və ağrılardan azad olaraq, şəfa tapar. Həmçinin burada göyöskurəyin əlacı sayılan “kranqa du” yeri də mövcuddur [1,2].

Qəbirstanlığın girəcəyində niyyət daşı var. Deyilənlərə əsasən, təzə evlənənlər və ya uşağı olmayanlar bu daşın yanına gəlirlər və niyyət tuturlar. Sonra daşın dibindən bir ovuc torpaq götürərlər, əgər götürdükləri torpaqda hər hansı canlı olarsa, deməli niyyətləri baş tutacaq [1].

Digər bir inanca görə isə, niyyət daşının yanına gələn şəxs çubuqlardan beşik düzəldər, onu niyyət daşının yanından asar. Ertəsi gün gəlib ona baxar. Əgər onun içində hər hansı bir budaq tikəsi, ağac qırıntısı, yarpaq və s. olarsa həmin adamın övladı olacaq. Belə olduqda həmin şəxs beşiyə düşən ağac qırıntısını götürüb uşağı olandan əvvəl onun beşiyindən, sonradan isə uşaq yeriməyə başlayanda boynundan asar ki, övladını gələcəkdə bəlalardan qorusun [1,2].

Ədəbiyyat:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.