SON XƏBƏRLƏR

Muzey Astara rayonunun Kakalos kəndindəki “Folklor evi”-ndə yerləşir. Kakalos kənd muzeyi 1982-1983-cü illərdə müəllimə Fərbiyyə Şabanova tərəfindən yaradılmışdır. Bu muzey yarananda orada 200 eksponat var idi, hazırda isə eksponatların sayı 5000-ə çatır.

Kakalos kənd muzeyi ilk yaradılanda Kakalos kənd orta məktəbinin bir sinif otağında yerləşib. 1994-cü ildə isə eksponatların sayının artdığı üçün, muzey Kakalos kənd “Folklor evi”-nə köçürülüb. Oraya kənd sakinləri “Mədəniyyət evi” də deyirlər. Muzey rəsmi olaraq 2014-cü ildən fəaliyyətə başlamışdır və buraya Astara Tarix Diyarşunaslıq muzeyinin Kakalos kənd filialı statusu verilmişdir.

Muzey 30 bölmədən ibarətdir. Buraya eksponatlar Fərbiyyə xanımın öz vəsaiti ilə alınıb və həmçinin bir çox insanlar tərəfindən bağışlanıb. Bu muzeydə bütün Azərbaycandan və digər ölkələrdən gətirilən eksponatlar da saxlanılır.

Bu muzeyin dəyərli eksponatları arasında Fransadan gətirilmiş, XIX əsrin əvəllərinə aid olan qrammofon, lampalar, qədim əlyazmalar və pullar vardır. Həmçinin burada cənub zonasına aid 150-200 yaşı olan qədim kişi və qadın geyimləri sərgilənir.

Muzeydə olan eksponatlar arasında XIX əsrə aid “Naz-nazı yaylığı” və cüt çarığı da (ayaq üçün nəzərdə tutulan geyim) vardır. Həmçinin burada “Güləbatın yaylığı” adlanan eksponat var. Bu yaylıq Fərbiyyə xanımın qayınanasından yadigar qalıb, ona da öz qayınanasından. Yəni bu yaylığın bir əsrdən çox yaşı var.

Muzeyin bir hissəsində isə “Kənd evi guşəsi” bölməsi yerləşir. Burada kəndin qədim quruluşu, evlərin düzülüşü əks olunub.

Muzeydə qədim əşyalara aid bölmələrlə yanaşı, fərqli guşələr də yaradılıb. Məsələn bu guşələrdən biri, 1930-cu illərdə repressiya qurbanı olmuş kənd sakini Molla Əlirza və onun ailəsinə aid fotolardan ibarətdir.

Mənbələr:

  1. https://www.youtube.com/watch?v=Uu6yoJJmr7E&t=14s
  2. https://www.youtube.com/watch?v=0zA3lilakb4
  3. https://www.youtube.com/watch?v=KI2-WOGncbI