SON XƏBƏRLƏR

Babaxan Rəhmanov 5 dekabr 1962-ci ildə Astaranın Siyov kəndində anadan olub. Bəbirlərə olan sevgisinə və işinin onlarla bağlı olmasına görə, onu “Bəbir adam” adlandırırlar. Babaxan Rəhmanov Ümumdünya Təbiət Mühafizə Fondunun Bakı ofisinin işçisidir. Babaxanın köməkliyi ilə “Avropanın son bəbiri” adlı sənədli film çəkilmişdir.

2012-ci ildə Cənubi Afrika Respublikasından olan fotoqraf və rejissor Adrian Steirn və “National Geographic Wild” telekanalı bəbirlərin yerlərini tapmaq və onları çəkmək üçün Hirkan Milli Parkına gəlmişdilər. Onlara Babaxan Rəhmanov bələdçilik edirdi, lakin onlar bəbirləri görüntüyə ala bilməmişdilər.

2013-cü ilin mart ayında Adrian Steirn və onun çəkiliş qrupu helikopter vasitəsi ilə yenidən Şindanqala adlanan əraziyə gəlmişdilər. Babaxan Rəhmanov danışır: “Biz Adrianla ərazidə quraşdırdığımız kameraları götürüb, bizim evə qayıtdıq. Kameraların bəzilərinin batareyası bitmişdi, bəzilərini şaxta korlamışdı, biri isə aşmışdı. Kameralarda görüntünün olmadığını görən Adrian məyus idi. Amma mən aşmış kameraya əmin idim. Hiss edirdim ki, onu bəbir aşırıb və onun görüntüsü düşüb. Mən düşündüyüm kimi də oldu. O kameranı bəbir aşırmışdı və görüntüsü də var idi. Adrian o görüntünü görüb çox sevindi. Bu hal həmin sənədli filmdə də var”.

Babaxan Rəhmanov bəbirlə olan macərası haqda danışır: “1991-ci ildə, bəbirin ardınan gedərək, onu daha yaxından görmək üçün yuvasından çıxartmaq qərarına gəldim. Orada gurultu yaratdım. Bir də gördümki yuvasından çıxdı və tullandı üstümə. Bəbir qıçımı bir az dişlədi. Canımı boş tüfəng ilə qurtardım. Tüfəngin lüləyi ilə vurdum, gördüm ki çarəsi yoxdur, onu tutdum fırlatdım”.

Babaxan Rəhmanovun hazırda 59 yaşı var. O, sərbəst və heç bir köməkçi vasitə olmadan 15-20 metr hündürlüyü olan ağaclara dırmanır və ağacdan-ağaca tullana bilir. Yerli sakinlər onu bəzən “Tarzan Babaxan” adlandırırlar.

Azərbaycanda bəbirlərə Talış dağlarının sıx meşələrində, Kiçik Qafqazın meşəli və qayalı ərazilərində və Naxçıvanın sərt qayalıqlarında rast gəlinir. Azərbaycandakı bəbirlər Ön Asiya növünə aiddir. Bəbirlər “Qırmızı Kitab”-a daxil olunan heyvanlardan biridir.

 Mənbələr:

  1. https://www.youtube.com/watch?v=k7oD45y3IwA
  2. https://www.youtube.com/watch?v=9P_5b-9j3sM
  3. https://www.youtube.com/watch?v=rG_Iie3mOAk
  4. https://sputnik.az/life/20171019/412385677/azerbaycanda-bebir-adam.html
  5. https://1news.az/news/20190111010541199-Redkii-peredneaziatskii-leopard-vnov-zamechen-v-Talyshskikh-gorakh-FOTO-VIDEO
  6. https://azertag.az/xeber/Astarali_tarzan_ve_ya_Bebir_Babaxan_VIDEO-1139397