SON XƏBƏRLƏR

Əhədulla Muxtar oğlu Qənbərov 1937-ci ildə Astara rayonunun Kakalos kəndində anadan olub. O, Əhəd Muxtar ləqəbi ilə tanınırdı [2].

Əhəd 1960-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Daha sonra o, “Ulduz” jurnalında ədəbi işçi, 1967-1979-cu illərdə şöbə müdiri, 1979-1998-ci illərdə isə məsul katib kimi işləyib.

1969-cu ildə onun “Şəfəq seli” adlı ilk kitabı çap olunub. Əhəd Muxtar “And iç”, “Salam insanlar”, “Qönçələr açılır”, “Doğmalıq”, “Dünya yaman dünyadı” və s. kitabların müəllifidir [4].

O, azərbaycan dili ilə yanaşı talış dilində də şeirlər yazıb. 1997-ci ildə Əhəd Muxtarın talış dilində yazılan şeirlərdən ibarət “Çımı Dıli Gısmətiş” adlı kitabı nəşr olunub.

Əhəd Muxtar, həmçinin tərcüməçi kimi də tanınırdı. O, Georgi Markovun “Sibir”, Zdenek Pluqrajın “Gümüş pul”, B. Prusun “Firon”, İ. Mojeykonun “Yeddi və otuz yeddi möcüzə”, Narmurad Nərzullayevin “Məhəbbətdən doğulmuşam” şeirlər kitabını və s. əsərləri azərbaycan dilinə tərcümə edib.

Özbək, qırğız, qazax, türkmən şairlərinin çox sayda şeir və poemaları Əhəd Muxtar tərəfindən azərbaycan dilində tərcümə olunub. Onun özbək şairlərindən tərcümə etdiyi şeir və poemaların həcmi 11 min misradan çoxdur. Özbək şair Camal Kamalın əsərlərini azərbaycan dilinə ən çox Əhəd Muxtar tərcümə edib.

Əhəd Muxtarın öz şeirlərini özbək dilində, Özbəkistanın “Ulduz”, “Gülüstan”, “Sovet Özbəkistanı”, “Buxara həqiqəti” kimi jurnal və qəzetlərində dərc etdirib. Onun şeirlərini özbək dilinə Narmurad Nərzullayev, Safo Oçil və İxtiyar Rza da tərcümə ediblər [3].

Əhədulla Qənbərov 23 may 1998-ci ildə vəfat edib [4]. Astarada yerləşən Kakalos Mədəniyyət evində ona həsr olunmuş guşə mövcuddur [1].

Ədəbiyyat:

  1. http://www.anl.az/down/meqale/adalet/2017/noyabr/564704.htm
  2. http://www.anl.az/down/meqale/525/2020/aprel/719004.htm
  3. https://amp.az.freejournal.org/361471/1/%C9%99h%C9%99d-muxtar.html
  4. https://525.az/?name=xeber&duzelis=0&news_id=81381#gsc.tab=0