SON XƏBƏRLƏR

Astara çay muzeyi Astara rayonunun Çayoba kəndində yerləşir. Bu muzey 2015-ci ildə Astara rayonunda çayçılıqla məşğul olan ən böyük təsərrüfatlardan biri “Astaraçay” çay emalı fabriki ərazisində yaradılıb [2,4].

Muzey iki hissədən ibarətdir: təbii və tarixi muzey şöbələri. Burada 300-ə yaxın eksponat toplanıb. Tarixi muzey şöbəsində ölkədə istehsal olunan çay nümunələri, təbii otlardan hazırlanan çaylar və etnoqrafik nümunələr sərgilənir. Təbii muzey şöbəsində 1912-ci ilin ilk çay sortunun, həmçinin başqa sortların da nümunə kollarını görmək olar [2].

Azərbaycanda çay bitkisinin əkilməsi ilk dəfə 1912-ci ildə “kolxida” çay sortunun Lənkəran və Astara rayonlarına gətirilməsi ilə başlayıb. Hazırda ərazidə əkilən “kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərindən gətirilib.

Astara Rayon Statistika İdarəsinin məlumatına görə, ölkədə mövcud olan çay plantasiyalarının təxminən 26,4%, çay istehsalının isə 60% Astara rayonunun payına düşür. Hazırda rayonda 272,5 hektar çay sahəsi var. 1 oktyabr 2021-ci ilə olan məlumata görə, Astarada 699,2 ton və ya ötən il ilə müqayisədə 148,7 ton (27%) çox məhsul yığılıb [3].

Azərbaycan çayı keyfiyyət göstəricilərinə görə, dünya standartları səviyyəsindədir. 2002-ci ildə İspaniyanın Madrid şəhərində keçirilən beynəlxalq müsabiqədə Azərbaycan çayı “XXI əsr Avropanın qızıl mükafatı”-na layiq görülüb [1].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. https://www.cenub.arbtv.az/index.php?/az/news/726
  3. https://azertag.az/xeber/Azerbaycanda_chay_istehsalinin_60_faizi_Astara_rayonunun_payina_dusur-1890655
  4. http://astaratea.az/in/az/elaqe/

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az