SON XƏBƏRLƏR

Kijəbə qəsəbəsi Astara şəhərindən 14 km şimal-qərbdə, Lənkəran ovalığında yerləşir [2,3].

Tədqiqatçı-tarixçi İldırım Şükürzadənin fikrincə, toponimin ilkin variantı “Kijəobə” olub. Sonradan deyilişə görə dəyişərək, “Kijəbə”-yə çevrilib [3].

Kijəbə toponimi talış dilində “kijə” (cücə) və “oba” komponentlərindən düzəlib, “cücə obası” və ya “kijə” (quş) və “bə” (qapı) sözlərindən yaranıb, “quş damı” mənalarını verir [1,2]. Ehtimal edilir ki, bu ərazidə vaxtilə çöl quşları çox olduğundan oykonim Kijəbə (Kijəobə) adlandırılıb.

Tarix elmləri doktoru Seyidağa Onullahi qəsəbənin adını “Kijə” ləqəbli tarixi şəxsiyyətlə əlaqələndirir. İldırım Şükürzadənin yazdıqlarına əsasən, XIII əsrin böyük sufi alimi Seyid Cəmaləddinin tanınmış tələbələrindən birinin Kijəpurə Məhəmməd olması məlumdur. Ehtimal edilir ki, “Kijə” dedikdə Kijəpurə Məhəmməd nəzərdə tutulurdu.

“Ulduz” filmində göstərilən çay plantasiyası məhz burada yerləşirdi. Hazırda Kijəbə qəsəbəsində həmin ərazidə çay plantasiyası mövcuddur [5].

Əvvəllər burada eyniadlı kənd olub, sonralar subtropik bitkilər sovxozu salındıqdan və çay fabriki tikildikdən sonra, kənd 21 yanvar 1966-cı ildə qəsəbə statusu alıb [2,3]. 

1970-ci ilə aid olan “Ümumittifaq əhalinin siyahıyaalınması”-nda Kijəbə qəsəbəsində 2141 nəfərin yaşadığı qeyd olunub [4]. 2019-ci ilin statistik məlumatına görə, bu qəsəbədə 6400 nəfər yaşayırdı.

Ədəbiyyat:

  1. Budaq Budaqov, Nadir Məmmədov. Azərbaycan Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı-2008.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
  3. https://ambur.az/ildirim-sukurzade-kijebe-toponimi
  4. http://www.demoscope.ru/weekly/ssp/ussr70_reg2.php
  5. https://www.youtube.com/watch?v=OtTImcwY3dY

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az