Azaru kəndi Astara şəhərindən 25 km şimal-qərbdə, Vəşəru çayının sahilində, Peştəsər dağ silsiləsinin ətəyində yerləşir [1,2]. Yaşayış yeri, həmçinin “Əzərud” adlandırılır [1].
“Azaru” sözü talış dilində olan “azu” (sürətli) və “ru” (çay) sözlərindən ibarətdir, yəni kəndin adı “iti axan dağ çayı” mənasını verir [3]. Başqa versiyaya görə, yaşayış məntəqəsinin adı “kiçik çay” anlamını daşıyır [2].
Bu kənddə bir neçə tarixi abidə mövcuddur: e.ə. II minilliyin sonu – I minilliyin əvvəlinə aid daş qutu nekropolu, Azaru (Ojəru) yaşayış yeri və s. Kənddə yerləşən nekropol dünyanın ən qədim nekropollarından biri hesab edilir [5].
Əhali, əsasən, əkinçilik və maldarlıqla məşğuldur [1]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, bu kənddə 183 nəfər yaşayıb [4].
Ədəbiyyat:
- Azərbaycan milli ensiklopediyası. II cild. Bakı-2010.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı-2007.
- Budaq Budaqov, Nadir Məmmədov. Azərbaycan Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı-2008.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.