SON XƏBƏRLƏR

Masallı şəhər hamamı şəhərin Şah İsmayıl Xətai parkının yaxınlığında, Mədəniyyət Evi ilə üzbəüzdə yerləşir. Hamam 1880-1885-ci illərdə Masallı rayonunun Seybətin kənd sakini bənna Məlikməmməd tərəfindən inşa olunub [1].

100 il bənnalıqla məşgul olan usta Məlikməmməd əslən iranlı olub, sonralar Seybətin kəndində məskunlaşmışdır. O, Ərdəbil şəhərində tikdiyi hamamlardan birini eyni layihə ilə Masallı şəhərində inşa etmişdir. Deyilənə görə, Masallı şəhər hamamının tikintisi başa çatdıqdan sonra ona sual verirlər: “Usta Məlikməmməd, Ərdəbildəki ilə Masallıda tikdiyiniz hamamların fərqi nədən ibarətdir?”. O isə belə cavab verir: “Hamamların bircə fərqi var, o hamam Ərdəbildə tikilib, bu hamam isə Masallıda” [2].

Hamam düzbucaqlı formadadır və kərpicdən tikilib [1]. Bu hamamın üç böyük günbəzi və bir neçə kiçik hücrəsi var idi [3]. Bina çimmə zalı, soyunub-geyinmə otağı, masaj otağı, hovuz olan otaqdan ibarət olub. Hamam çimmək üçün xüsusi avadanlıqla təchiz edilmişdir [1]. Bina iki hissəyə ayrılmışdır: qadın və kişi şöbəsi [2].

Masallı şəhər hamamı 1985-ci ilə qədər fəaliyyət göstərib. 2001-ci ildən hamam yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınıb [1].

Hazırda hamam yararsız vəziyyətdədir [2].

Ədəbiyyat:

  1. İldırım Şükürzadə, Zahir Əmənov. Masallının tarix və mədəniyyət abidələri. Bakı-2021.
  2. https://masallida.az/682-masallinin-130-yasli-hamami-seybtind-cabbar-qaryagdioglunun-kecci-oglu-mhmmdin-xan-susinskinin-istirak-etdiyi-7-gunluk-toy.html
  3. https://www.youtube.com/watch?v=paf_p2rU0RE