SON XƏBƏRLƏR

Fərman Səməd oğlu Qulamov 4 fevral 1945-ci ildə Astara şəhərində anadan olub. O, müasir Azərbaycan təsviri sənətinin nümayəndələrindən biri idi.

Qulamov 1967-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbini, 1976-cı ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib.

Fərman 1978-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. O, 2001-2016-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və “Dəzgah rəngkarlığı emalatxanası”nda çalışıb.

Rəssam 1986-cı ildə Xəzəryanı ölkələrin rəssamlarının Bakıda keçirilən Biennalesində üçüncü yeri tutub. O, 1987-ci ildə Moskvadakı Azərbaycan rəssamlarının sərgisində iştirak edib. Qulamov 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Cenevrə (İsveçrə) şəhərindəki Millətlər Sarayında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgidə, 2008-ci ildə Ukraynanın Kiyev şəhərində Azərbaycan rəssamlarının sərgisində iştirak edib. O, 2009-cu ildə “Ənənə və müasirlik” III Moskva Beynəlxalq İncəsənət Festivalında birinci yerin mükafatını qazanıb [2].

Qulamovun əsərləri sırasında “Cənub küləyi”, “Gecə”, “Kənd mənzərəsi”, “Səhər” və s. sənət əsərlərini qeyd etmək olar. Onun “Mənim motivim” tablosunun bədii xüsusiyyətləri XIX əsrin fransız rəssamı Pier Bonnardın əsərləri ilə müqayisə edilir [1].

Rəssamın əsərləri ABŞ, Polşa, İsveçrə, Almaniya, Cənubi Koreya və s. ölkələrdəki sərgilərdə nümayiş olunub. Onun Azərbaycanda, həmçinin Fülendorfda (Almaniya) və Moskvada fərdi sərgiləri təşkil edilib.

Fərman Qulamov bir neçə dərs proqramının və “Rəngkarlıqda rəsmin rolu” adlı elmi-metodik vəsaitin müəllifidir. O, 1994-cü ildə “Humay” Milli mükafatına, 2002-ci ildə respublikanın Əməkdar rəssamı fəxri adına layiq görülüb[2].

21 may 2015-ci ildə Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Fərman Qulamovun 70 illik yubileyi qeyd olunub [3].

Fərman Qulamov 23 dekabr 2016-cı ildə Bakıda vəfat edib [4].

Hazırda Fərman Qulamovun əsərləri Moskva Dövlət Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının bədii fondunda, bundan əlavə, ABŞ, Almaniya, Türkiyə və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır [2].

Ədəbiyyat:

  1. İncəsənət və mədəniyyət problemləri. Beynəlxalq Elmi jurnal № 4 (70). Bakı-2019.
  2. https://medeniyyet.az/page/news/37058/Emekdar-ressam-Ferman-Qulamov-dunyasini-deyisib.html
  3. https://azertag.az/xeber/Amekdar_Ressam_Ferman_Qulamovun_70_illik_yubileyi_qeyd_olunub-857009
  4. https://qgallery.net/pages/single-artist/157