SON XƏBƏRLƏR

“Yeni horizont” filmini 1940-cı ildə lənkəranlı kinematoqraf Ağarza Quliyev Qriqori Braginski ilə birgə çəkib. Bu film Ağarza Quliyevin quruluş verdiyi ilk səsli və tammetrajlı filmdir [2]. Ekran əsəri Bakı kinostudiyası tərəfindən lentə alınıb [1].

Filmdə dövrün vacib mövzusu olan yeni neft yataqlarının kəşf edilməsindən və Bakı neftçilərinin həyatından bəhs edilir [5]. 1930-cu illərdən başlayaraq neft sənayesinə gənc mütəxəssislər cəlb olunmağa başlanırdı. Lakin yeni nəsil mütəxəssisləri ilə yaşlı neft ustaları arasında olan mübahisə yaranır [3]. Filmin əsasını alim-geoloq Ədil Kərimovla alim və professor Əhmədov arasında elmlə bağlı yaranan kəskin münaqişə təşkil edir.

“Yeni horizont” filminin ssenarisi studiya rəhbərliyinin tələbi ilə müxtəlif variantlarda verilmişdir. İlk variantda professor maskalanmış xarici kəşfiyyat agentinin əlində oyuncağa çevrilir. Sonda baş verən hadisələrdən baş çıxarmayan və çıxış yolu tapa bilməyən professor özünü öldürür. Lakin sonradan filmi digər ssenari ilə çəkmək qərar verilir.

Film üçün mahnının sözlərini şair Əliağa Vahid yazmış, musiqisini isə bəstəkar Niyazi bəstələmişdir [1].

Filmin premyerası 1941-ci ildə baş tutmuşdur. Bu filmdə İsmayıl Əfəndiyev “Adil Kərimov”, Rza Əfqanlı “professor Əhmədov”, Ələsgər Ələkbərov “partiya təşkilatçısı Aslanov”, Əli Qurbanov “Heydər”, Möhsün Sənani “Ruben”, Əzizə Məmmədova “Fatma”, Sofa Bəsirzadə “Validə”, Mustafa Mərdanov “trest müdiri”, Əlisəttar Məlikov “Rüstəm Abbasov” obrazlarını canlandırıblar [4]. 

Ədəbiyyat:

  1. Aydın Kazımzadə. Kino və zaman (1923-2016). Bakı-2016.
  2. http://www.anl.az/down/meqale/medeniyyet/2020/yanvar/695302.htm
  3. https://medeniyyet.az/page/news/3691/Qara-qizil-ag-ekranda.html
  4. https://www.kino-teatr.ru/kino/movie/sov/14798/annot/
  5. Azərbaycan kinosu 1898-2002. I cild. Bakı-2003.