Həzrət Əbülfəzl Abbas məscidi Cəlilabad rayonunun Adnalı kəndi ərazisində yerləşir. İbadətgah 1989-cu ildə inşa edilib [1].
Məscid düzbucaqlı formadadır və mişar daşından tikilib. İbadət evinin damı dəmir təbəqə ilə örtülüb. İbadətgahın tavanı taxtadan hazırlanıb və 6 beton sütun üzərində dayanır. Məscidin bir səkkizguşəli günbəzi var. İbadət evinin bir minarəsi var və məscidin önündə ayrıca mişar daşından inşa edilib. Minarənin hündürlüyü 10 metr təşkil edir. Minarə və günbəzin üstündə dəmirdən aypara rəmzi qoyulub. İbadətgah iki yerə bölünüb: qadın və kişi şöbəsi [2].
İndiki məscidin yerində əvvəllər köhnə ibadətgah olmuşdur. Həmin məscid 1910-cu ildə Şahverdili nəslindən olan Məşhədi Hüseynxan və yerli sakinlərin köməyi ilə kəndin mərkəzində inşa olunmuşdur. Lakin sonralar yararsız vəziyyətə düşdüyündən sökülərək, yerində yenisi tikilmişdir [3].
Ədəbiyyat:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin enskilopediyası. Bakı-2001.
- Mahmudağa Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri. Bakı-2016.