SON XƏBƏRLƏR

Şağlaser kəndi Lənkəran şəhərindən 22 km. şimalda, Lənkəran-Boradigah şose yolunda yerləşir. Yerli sakinlər kəndi “Şəğoləse”, “Şəşğöləse” və “Şağlase” adlandırırlar [1].

Tarixçi İldırım Şükürzadənin sözlərinə görə, bu kəndin əvvəlcə adı “Şəğoləse” olub. Talış dilindən tərcümədə “şəğol” (çaqqal), “se” (istil, nohur), yəni “çaqqal olan istil” mənasını verir [4]. Professor Məsud Məmmədov isə talışca “Şəğoləsə” sözünün “yabanı bitki olan yer” mənasında olduğunu ehtimal edir.

Kəndin adının “Şahnəsir” sözündən yarandığı da ehtimal olunur. Guman edilir ki,  kəndin bünövrəsini qoyan şəxsin adı Şahnəsir olub.

Digər fikrə görə, “Şağlase” sözü “Şağlasər”-dən götürülüb. Rəvayətə görə, bir zamanlar bu ərazidən keçən şah düşməndən qorunmaq üçün qalaya bənzər divar inşa etdirib. Qalanın sonunda isə yaşayış məskəni salıb. Həmin qalanın sonu, onun “başı” sayılırdı və “Şağlasər” (“şa” – şah, “ğalə” – qala, “sər” – baş) adlandırılırdı. Həmin qalanın izləri bu günədək qalıb.

Yerli sakinlərin dediklərinə əsasən, kəndin adı “Şəşğöləse” (talışca “şəş” – altı, “ğolə” – balaca göl, çuxur, “se” – istil, su mənbəyi) sözündən yaradılmış, “altı gölü olan kənd” mənasını verir. Ehtimal olunur ki, əvvəllər bu ərazidə altı su mənbəyi və ya göl olub [1].

Bəzi mənbələrə görə, Şağlaser toponiminin “Şəğol” talış dilində “çaqqal” və “ser” – “əzgil” bitkisinin adından yarandığı bildirilir [3].

Şağlaser kəndinin əsasının qoyulması haqqında dəqiq məlumat yoxdur, lakin kənd əsrlərlə daimi yaşayış məskəni olub. Kəndin iqtisadiyyatının əsasını əkinçilik və maldarlıq təşkil etmişdir. Sovet dövründə burada kolxoz, sonra isə sovxoz fəaliyyət göstərmişdir. Hal-hazırda kənd sakinlərinin əsas məşğuliyyəti tərəvəzçilik və heyvandarlıqdır [5].

Bakı quberniyasının Lənkəran qəzası üzrə əhalinin 1859-1864-cü illərə aid siyahıyaalınmasına görə, kənddə 27 ev olub və burada 180 nəfər yaşayıb [2]. Şağlaser kəndinin əhalisi 2019-cu ilin statistik məlumatına görə, 5126 nəfər təşkil edirdi [1].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. B.Ə.Budaqov, N.G.Məmmədov. Azərbaycan Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı-2008.
  4. İldırım Şükürzadə. Lənkəran toponimləri. Bakı-2012.
  5. http://zim.az/region/4369-lnkran-rayonunun-alaser-kndi.html
Foto Cenublu.az
Foto Cenublu.az