SON XƏBƏRLƏR

Seyfulla Qüdrət oğlu Əsədullayev 19 iyun 1924-cü ildə Astara rayonunun Ərçivan kəndində anadan olub [1].

Əsədullayev 1942-ci ildə Ərçivan kəndində orta məktəbi bitirib. Sonra isə o, Şuvi kəndinin orta məktəbində müəllim işləyib [3].

1942-1945-ci illərdə Böyük Vətən müharibəsində döyüşüb. 1945-ci ilin dekabrında yaralanaraq, ordudan tərxis olunub [1].

1945-1947-ci ilərdə Astara rayonunda orta məktəb müəllimi, həmçinin məktəb internatının müdiri işləyib.

1949-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyat Dövlət Pedaqoji İnstitutunu, 1951-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

1951-1956-cı illərdə Rus dili və Ədəbiyyat Dövlət Pedaqoji İnstitutunda laborant, baş laborant və müəllim vəzifəsində çalışıb. 1956-1959-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. 1959-1966-cı illərdə Azərbaycan Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, dekan müavini, fakültə dekanı vəzifələrində çalışıb [3]. 1966-cı ildən ömrünün sonunadək Bakı Dövlət Universitetində kafedra müdiri vəzifəsində işləyib [2].

1970-ci ildə filologiya elmlər doktoru, 1971-ci ildə isə professor elmi dərəcəsini alıb [1].

O, Moskvada, Praqada, Budapeştdə, Sofiyada və s. şəhərlərdə 50-dən çox beynəlxalq simpozium, konfrans və konqresslərdə iştirak edib. O, 500-dən çox ədəbi-nəzəri və ədəbi-tənqidi məqalələrin, 20 monoqrafiyanın və 2 kitabın müəllifidir.

Onun monoqrafiyalarında və məqalələrində sosialist realizmin tarixi, Azərbaycan poeziyasında sonet janrı, ümummilli lider Heydər Əliyev və ədəbi proses, müasir ədəbiyyatşünaslığın metodoloji problemləri, rus klassiklərinin yaradıcılığında şərq motivləri və s. mövzuların tədqiqi yer tutur.

Əsədullayev “Əməkdar elm xadimi”, “Böyük Vətən müharibəsi”, “Xalqlar dostluğu”, “Şöhrət” ordenləri, 12 medal və Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət heyyətinin fəxri fərmanlarına layiq görülüb [3].

Seyfulla Əsədullayev 2011-ci ildə vəfat edib [2].

Ədəbiyyat:

  1. Teymur Əhmədov. Azərbaycan yazıçıları. Bakı-1995.
  2. https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=&ved=2ahUKEwjvlselmur0AhX8QvEDHdF4CIYQFnoECAQQAQ&url=http%3A%2F%2Fstatic.bsu.az%2Fw15%2F%25C6%258FS%25C6%258FDULLAYEV%2520SEYFULLA%2520Q%25C3%259CDR%25C6%258FT%2520O%25C4%259ELU.pdf&usg=AOvVaw2Q9Hzs-SniXDsdmJKBJsMh
  3. http://philology.bsu.edu.az/az/content/filologiya_elmlri_doktoru_professor_masir_rus_dbiyyat_kafedrasnn_mdr_456