SON XƏBƏRLƏR

Həbib Abdulla oğlu Həbibov 1923-cü ildə Lənkəran şəhərində anadan olub.

Həbibov 1940-cı ildə Lənkəran şəhər 3 saylı orta məktəbini, 1944-cü ildə isə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

O, Azərbaycan Dövlət Tibb İnstitutunda insan anatomiyası kafedrasında müəllim işləyib [1]. Daha sonra Həbibov Burdenko adına Moskva Neyrocərrahiyyə İnstitutunda operativ cərrahiyyə şöbəsinin rəhbəri kimi çalışıb [2].

Həbib Həbibov 1967-ci ildə professor elmi dərəcəsinə yüksəlib.

O, insan beynini, onun quruluşunu, xüsusiyyətlərini öyrənərək, bu sahədə bir çox elmi kəşflər edib. Həbibov dünyanın bir neçə ölkəsində beyinlər üzərində təcili cərrahiyyə əməliyyatları aparıb. Onun təcrübəsindən hal-hazırda klinikalarda və elmi-tədqiqat institutlarında istifadə olunur.

Həbib Həbibov 11 kitabın, 300-dən çox elmi məqalənin müəllifidir [1]. O, 32 xarici ölkədə, ABŞ, Hindistan, Fransa, Yaponiya və s. dövlətlərdə keçirilən ağır əməliyyatlarda iştirak edib [3]. O, bir çox xarici ölkələrdə neyrocərrahiyyə ilə əlaqədar müxtəlif elmi simpoziumlarda iştirak edib və mühazirələr oxuyub. Onun elmi əsərlərindən ölkədə bu günədək istifadə edilir [2].

Həbibov, həmçinin poeziya və musiqi ilə məşğul olurdu. Orta məktəbdə oxuyarkən o, “Lənkəran dağlarında indi də qar var” adlı ilk şeirini yazmış və ona musiqi bəstələmişdir [1].

Həbib Həbibov 16 mart 1993-cü ildə Moskva şəhərində vəfat edib və şəhərdəki Troyekurov qəbiristanlığında dəfn olunub [3]. Hazırda Lənkəranda onun adını daşıyan küçə mövcuddur [1].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. Bakı-1990.
  3. Рамин Мамедов. Соотечетвенники Азербайджан – древняя страна. Баку-2007.