SON XƏBƏRLƏR

Böyükxanım Abdulla qızı Əliyeva 18 iyun 1923-cü ildə Bakı şəhərinin Əmircan qəsəbəsində, ziyalı ailəsində anadan olub. Lakin Əliyeva 30 ildən artıq bir müddət ərzində Astarada həkim işləyib.

Böyükxanım ilk təhsilini aldıqdan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Burda təhsilini bitirdikdən sonra, 1944-cü ildə bir astaralı gənc ilə ailə həyatı qurub, həyat yoldaşının təklifi ilə Astara rayonuna gəlib və ömrünün sonuna kimi rayonun səhiyyə orqanlarında çalışıb.

O, Ərçivan qəsəbə sahə xəstəxanasına rəhbərlik etmiş, həm də Astara Mərkəzi xəstəxanasının ilk partiya təşkilatının katibi vəzifəsində işləmişdir.

1960-cı ildə “Azәrbaycan SSR әmәkdar hәkimi”, 1978-ci ildə “Sosialist Əmәyi Qәhrәmanı” adına, həmçinin “Qırmızı Əmək Bayrağı” ordeninə və Respublika Ali Sovetinin fəxri fərmanına layiq görülüb.

Böyükxanım Əliyeva 1997-ci ildə vəfat edib və Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub. 2000-ci ildə Astara şəhərində ona büst qoyulub.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. http://ensiklopediya.gov.az/az/terms/18865/cild/20
  3. https://warheroes.ru/hero/hero.asp?Hero_id=26023