SON XƏBƏRLƏR

Kinorejissor Nazim Hüseynqulu oğlu Abbasov 14 dekabr 1938-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. O, Nazim Abbas təxəllüsü ilə tanınır [1].

1956-cı ildə Nazim Boladi kənd orta məktəbini, 1961-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr və kino aktyorluğu fakültəsini bitirib [1,3].

Nazim Abbas 1961-1979-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor və baş rejissor işləyib. O, 1979-1991-ci illərdə “Bakı” televiziya studiyasının direktoru və baş rejissoru, 1993-2000-ci illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru kimi çalışıb [1].

Nazim “Oxu, tar”, “Reportaj haqqında reportaj”, “Qızıl gül olmayaydı…”, “İmadəddin Nəsimi”, “Rəşid Behbudov” və s. filmlərin rejissoru olub. O, həmçinin 1996-cı ildə “Azərbaycantelefilm” yaradıcılıq birliyində “Leyli və Məcnun” film-operasında rejissor olub [2].

Nazim Abbas 1989-cu ildə “Əməkdar incəsənət xadimi” adına layiq görülüb [1]. Rejissor 5 bədii, 17 musiqili və 127 sənədli filmin rejissoru və bəzilərinin ssenari müəllifidir. Onun çəkdiyi filmlər Azərbaycan Televiziyasının “Qızıl fond”-unda qorunub saxlanılır [3].

Nazim Hüseynqulu oğlu Abbasov 16 sentyabr 2000-ci ildə Bakıda vəfat edib və orada dəfn edilib [1].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. Tarixdə bu gün. 25 yanvar 2013.
  3. https://lent.az/xeber/sosial/Dunyada-bu-gun-colorredVIDEOcolor-374108