SON XƏBƏRLƏR

Abbas Mehdi oğlu Talışinski 15 noyabr 1924-cü ildə Lənkəran şəhərində anadan olub. O, otorinolarinqoloq (burun boşluğu, udlaq, qırtlaq, qulaq xəstəliklərinin müalicə və diaqnostikası ilə məşğul olan həkim), tibb elmləri doktoru və professordur.

Qulaq, burun-boğaz xəstəlikləri cərrahiyyəsində endotroxsal və insufflyasiyon narkoz müalicə üsulu ilk dəfə onun rəhbərliyi ilə Ryazan (Rusiya) klinikasında tətbiq edilib.

Talışinski 1939-cu ildə Lənkəran şəhər 4 saylı orta məktəbini, 1944-cü ildə isə indiki N.Nərimanov adına Azərbaycan Tibb Universitetini bitirib [1].

İkinci Dünya müharibəsi zamanı o, hərbi səhra hospitalında baş həkim işləyib, 1945-ci ildə Almaniyanın Berlin şəhərində Reyxstaqın önündə keçirilmiş qalib qoşunların tarixi paradında iştirak edib [2].

1947-ci ildə Bakıya qayıdaraq ixtisası üzrə işləmişdir. 1950-ci ildə müsabiqə yolu ilə Moskva Tibb İnstitutunda (indiki İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti) qulaq, burun-boğaz xəstəlikləri üzrə ordinatura keçib və 1953-cü ildə burada aspiranturaya daxil olub.

1955-ci ildən ömrünün axırınadək akademik İ.R.Pavlov adına Ryazan Tibb Universitetində işləyib. 1964-cü ildən qulaq, burun-boğaz xəstəlikləri kafedrasının müdiri, 1989-cu ildən Semaşko adına Ryazan uşaq xəstəxanasının şöbə müdiri olub.

Talışinski 87 elmi məqalənin, 4 ixtiranın, 2 monoqrafiyanın müəllifidir. O, 4 orden və 12 medalla təltif edilib.

Abbas Talışinski 25 oktyabr 2005-ci ildə vəfat edib və Bakıda dəfn olunub [1]. 17 sentyabr 2020-ci ildə Ryazanda Semaşko xəstəxanasının binalarından birində Talışinskiyə xatirə lövhəsi qoyulub [3]. 

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. http://uzrf.ru/today/15-09-den-rojdeniya-Talyshinskii
  3. https://rv-ryazan.ru/v-ryazani-ustanovili-pamyatnuyu-dosku-professoru-abasu-mexti-ogly-talyshinskomu/