“Xan Lənkəran” FK-nın sabiq məşqçiləri klubdan istefaya göndərilmələri ilə bağlı açıqlama veriblər. Bu haqda məlumat bu gün, 20 yanvar tarixində Lankon TV Facebook səhifəsində paylaşılıb.
Futbol klubunun rəsmi səhifəsində verilən məlumata əsasən, məşqçilər İqbal Babayev və Cəfər Mirzəyev klubdan, futbolçularla və idarə heyətindəki əməkdaşlarla problem yaşadıqlarına görə, klubun prezidenti tərəfindən istefaya göndəriliblər. Lakin İqbal Babayev verilən bəyanatı təkzib edərək açıqlama verib.
“Bəyanatda Neftçi ilə oyundan sonra qaydaların pozulduğu bildirilirdi. Əksinə, Neftçi üzərində qələbədən sonra klub prezidenti, hamı təsdiqləyər, məvacibin 50% artırılmasını tapşırdı. İdarə heyəti və bəzi futbolçularla məşqçi korpusu arasında narazılığın nədən ibarət olması haqqında məlumatım yoxdur. Narazılıq olsaydı, mən və Cəfər müəllimə komandanın təlim məşq toplantısını və çempionata hazırlığı tapşırmazdılar. Bu barədə iclas olub, həm idarə heyətində, həm də komandayla hər şeyin yerində olduğu bildirilib”, – deyə təcrübəli məşqçi öz açıqlamasında bildirib.
İqbal Babayev və Cəfər Mirzəyev “Xan Lənkəran” FK-na uğurlar arzu ediblər.
Qeyd edək ki, İqbal Babayevin başçılığı altında “Xan Lənkəran” FK rəsmi matçlarda məğlub olmamışdı.