SON XƏBƏRLƏR

Bu gün, 18 oktyabr tarixində üzgüçülük üzrə Dünya, Avropa və Olimpiya çempionu, “Əməkdar idman ustası”, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş fəxrimiz Vəli İsrafilovun doğum günüdür.

Vəli İsrafilov 2002-ci ildə Rusiyanın Tümen şəhərində anadan olub. Əslən Masallı rayonundan olan Vəli İsrafilov 2008-ci ildən idmanla məşğul olur.

Vəli İsrafilov 2019-cu ildə London şəhərində baş tutan Dünya Çempionatında 100 metr məsafəyə bras üsulu ilə üzmə turnirində bürünc medala, 2020-ci ildə Funşal şəhərində (Portuqaliya) Avropa Çempionatında qızıl medala layiq görüldü. 2021-ci ildə XVI Yay Paralimpiya Oyunlarında qızıl medal qazanaraq Belarus nümayəndəsi Vladimir İzotu tərəfindən müəyyən olunan 2016-cı il Paralimpiya rekordunu (1:06.82) da yeniləmiş oldu.
Daha sonra Vəli İsrafilov 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində mübarizə aparıb. Beş idmançının mübarizə apardığı təsnifat mərhələsində Vəli İsrafilov 1:10.58 dəqiqə nəticə göstərdi və beşinci pillənin sahibi oldu.
İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vəli Rəşadət oğlu İsrafilov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Vəli İsrafilov 2022-ci ildə Madeyra şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında 100 metr məsafəyə bras üsulu ilə üzmə turnirində qızıl medala sahib olub.