SON XƏBƏRLƏR

Lənkəran rayonunun Cil kəndində “Zəfər Marafonu” devizi altında kros qaçışı üzrə yarış keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.

Yarışın keçirilməsində məqsəd  8 Noyabr – Zəfər gününü qeyd etmək, yeniyetmə və gənclərə vətənpərvərlik hissini aşılamaq, şəhidlərin əziz xatirəsini yad etmək, sağlam həyat tərzini təbliğ etmək və idmanın kütləviliyini təmin etmək olub.

Tədbirdə çıxış edənlər Zəfər Gününün tarixi əhəmiyyətindən, Ali baş komandanın rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun keçdiyi zəfərlə dolu döyüş yolundan danışıblar.

Çıxışlardan sonra Pərviz Həbibovun baş hakimliyi ilə “Zəfər marafonu” devizi altında kros qaçışı üzrə yarış başlanılıb. Yarış Lənkəran rayonunun Cil kəndində yenicə qurulmuş Şəhidlər parkından başlayaraq, magistral yola keçidlə və dairəvi şəkildə yenidən kənd yolu ilə davam etməklə  Şəhidlər parkına qədər davam edib.

Yarışda 1-ci, 2-ci və 3-cü yeri tutan qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar. Kros qaçışında iştirak edənlərin hamısına sertifikat təqdim olunub. Tədbirdə, eyni zamanda vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa olunub.