SON XƏBƏRLƏR

Lənkəranda şəhid müəllimlərin xatirəsinə həsr olunmuş regional voleybol yarışı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 dekabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində Vətən müharibəsi şəhidləri Emil Qurbanov və Etiram Hüseynlinin xatirəsinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı voleybol idman növü üzrə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimlərindən ibarət yığma komandalar iştirak ediblər.

Yarışda qonaq qismində Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi, təhsil işçiləri və Vətən müharibəsi şəhidləri Emil Qurbanov və Etiram Hüseynlinin ailə üzvləri iştirak ediblər.

Nəticəyə görə Cəlilabad rayonunun komandası birinci, Astara rayonunun komandası ikinci, Masallı rayonunun komandası üçüncü yerə layiq görülüb.

Qalib komandalara kubok və fəxri fərmanlar, digər yarış iştirakçılarına isə təltifnamə verilib.