Bir vaxtlar fəaliyyət göstərmiş Lənkəran İdman Klubunun fəaliyyəti bərpa olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 may tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
Belə ki, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və idarənin əməkdaşları İdman Klubunun Lənkəran şəhəri, Axund Mirzə Məmmədhüseyn küçəsi, 140 ünvanında yerləşən idman zalında olublar. İdman zalına baxış keçirən idarə əməkdaşları görülən işlərlə tanış olub, klubun gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini veriblər.
Qeyd edək ki, klubun təsisçisi Şakir Vəliyev, direktoru isə Vətən müharibəsinin iştirakçısı olan və uzun müddət əsirlik həyatı yaşayan Qarabağ qazisi Vəliəhəd Vəliyevdir. İdman klubunda karate, boks, cüdo və digər idman növlərinin inkişaf etdirilməsi nəzərdə tutulub.