Lənkəranda ağır atletika üzrə rayon birinciliyi keçirilib. Bu haqda bu gün, 13 yanvar tarixində Cenublu.az Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
“Heydər Əliyev İli”nə həsr olunmuş turnir “Zirvə” İdman Klubunda baş tutub. Tədbirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin görkəmli tarixi şəxsiyyət kimi Azərbaycan dövlətçiliyində mütərəqqi fəaliyyətini nəzərə çatdırmaq, yeniyetmələrə vətənpərvərlik hissini aşılamaq, ağır atletika idman növünü təbliğ və inkişaf etdirmək, rayonda perspektivli idmançıları aşkar etmək olub.
Rəsmi açılışdan sonra turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Məmməd Məmmədov turnirin keçirilmə qaydaları haqqında iştirakçılara məlumat verərək turnirin başlandığını elan edib. Turnir şəxsi birincilik sistemi ilə keçirilib. Yekun nəticələrə görə, birinci, ikinci və üçüncü yerləri tutan idmançılara Gənclər və İdman İdarəsinın müvafiq diplomları və medalları təqdim olunub. Tədbirdə 45 nəfər idmançı iştirak edib.