Lənkəranın ümid bəsləyən klublarından biri “Xan Lənkəran” FK dünən, 10 oktyabr tarixində, yoldaşlıq oyununda “Mübariz” FK-na 10:1 hesabı ilə qalib gəldi. Bu sevindirici xəbəri Cenublu.az olaraq diqqətsiz qoya bilməzdik və klubun meneceri Emin Təyyar oğlundan eksklüziv müsahibə aldıq.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- İlk öncə, qalibiyyətiniz ilə bağlı sizi təbrik edirik. “Xan Lənkəran” klubu artıq 3 ildən çoxdur ki, fəaliyyət göstərir, amma klubun yaranması haqqında açıq mənbələrdən məlumat əldə etmək çox da asan deyil. Yaranma hekayəsini sizdən dinləmək istəyərdik. Necə, harada yaranıb “Xan Lənkəran”?
- Təbrikə görə çox sağ olun. “Xan Lənkəran” FK – komandanın tam adı belədir. Komanda artıq uzun illərdir ki var, sadəcə bu il çoxlu dəyişikliklər etmişik. Həmçinin qeyd edim ki, komandada yalnız yerli futbolçular oynayır.
- “Xan Lənkəran” ilk dəfə oyunlara başlayanda, çoxları “Xəzər-Lənkəran”ı əvəz edə biləcəkmi?” deyə suallar verirdi. Buna münasibətiniz?
- “Xəzər-Lənkəran” FK-nun bizim qəlbimizdə öz yeri var. “Xan Lənkəran” futbol klubu da, güman edirəm ki, gələcəkdə bir çox uğurlara imza atacaq.
- “Xan Lənkəran” FK-nun məqsədi nədir?
- Əsas məqsədimiz gənclərimizi idmana yönəltməkdir. Artıq “Xan Lənkəran” FK-nun U12 və U14 komandaları var. Həmçinin, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən, regionda bacardığımız qədər futbola dəstək olmaqdır.
- “Region” liqasında iştirak edəcəksiniz. Buna hazırlıq prosesi necə gedir?
- Hazırlıqlar yaxşı gedir. Yaxın zamanlarda daha da yaxşı olacaq.
- Azarkeşlərdən lazım olan dəstəyi ala bilirsinizmi?
- Əlbəttə. Uğurlu çıxış etməyimizin əsas səbəbi onların dəstəyidir.
- Bildiyimizə görə, klub və AFFA rəhbərlikləri arasında görüş olub, müəyyən müzakirələr aparılıb və federasiya “Xan Lənkərana”-a müəyyən dəstəyin göstəriləcəyini bildirib. Bu belədirmi?
- Bəli, görüşümüz uğurlu keçdi. Sağ olsun, Elxan müəllimlə (AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov), şəxsən görüşdük. Müəyyən komandaya dəstək verəcəklərini bildirdi.
- Əlavə olaraq “Xan Lənkəran” azarkeşlərinə nə söyləmək istərdiniz?
- “Xan Lənkəran” FK-nun azarkeşlərinə minnətdaram və hər oyun onları stadionda görmək istəyirik. Onlardan yalnız bir şeyi xahiş edirik ki, biraz emosiyalarını cilovlasınlar. Oyun bitdikdən sonra stadiona düşməsinlər. Onları öpürük və bağrımıza basırıq.
Cenublu.az olaraq “Xan Lənkəran” FK-na təşəkkür edir və uğurlar arzu edirik.