Cəlilabadda polis işçiləri arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi olub. Bu haqda bu gün, 27 may tarixində Cenublu.az Cəlilabad Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Açılış mərasimində Cəlilabad Polis Şöbəsinin rəisi, polis polkovniki Polad Qarayev, Cəlilabad şəhər İƏD üzrə nümayəndə Ramil Əmənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, polis əməkdaşları, idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk növbədə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarış Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Oyunlardan əvvəl idmançıların nümunəvi çıxışları olub. Tədbiri giriş sözü ilə açan Cəlilabad rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Polad Qarayev öz çıxışında tədbirin əhəmiyyətindən danışaraq, ulu öndər Heydər Əliyevin idmana və idmançılara dövlət səviyyəsində göstərdiyi qayğıdan bəhs edib.
Bildirilib ki, xalqımızın ümummilli lideri ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etməsi üçün geniş imkanların yaradılmasını daim diqqət mərkəzində saxlayıb.
Turnir təşkilatçılar tərəfindən hazırlanmış və təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilir.
Turnirdə 8 komanda iştirak edib.