SON XƏBƏRLƏR

Lənkəran Olimpiya İdman Kompleksində “Be Active” devizi ilə “Avropa idman həftəsi”ndə astaralı atletlər də uğur qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Astara şəhər 3 saylı tam orta məktəbin VIII sinif şagirdi Mirzəyeva Sonaxanım Xaqani qızı qızlar arasında 100 metr məsafəyə qaçışda və uzununa tullanma  yarışında bütün rəqiblərini önləyərək 2 dəfə yarışların qalibi olub.

Astara şəhər 2 saylı tam orta məktəbin VII sinif şagirdi Məmmədov Rüfət Seymur oğlu oğlanlar arasında 100 metr məsafəyə qaçışda bütün rəqiblərindən öncə finiş xəttini keçərək yarışların qalibi olub. Məmmədov Rüfət uzununa tullanma yarışında da yüksək nəticə göstərərək II yeri qazanıb.

Komandamızın digər üzvü, Astara şəhər 3 saylı tam orta məktəbin VII sinif şagirdi Məmmədli Fatimə İlkin qızı qızlar arasında 100 metr məsafəyə qaçışda III yeri qazanıb.

Fəxri yerlər qazanan idmançılara Avropa komissiyasının mükafatları, bütün yarış iştirakçılarına isə idman geyimləri hədiyyə olunub.

Qeyd edək ki, atletika üzrə Astara rayon komandasının məşqçisi Astara şəhər 3 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi, atletika üzrə veteranlar arasında 5 qat Azərbaycan çempionu ( 2013, 2017, 2018, 2019) və beynəlxalq turnirin (2016) mükafatçısı Rəşad Əliyevdir.