SON XƏBƏRLƏR

Astarada 3×3 Basketbol üzrə Dünya Qadın Seriyasının oyunları baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

20-21 may 2023-cü il tarixlərində Astara şəhəri Dənizkənarı Park-Bulvar Kompleksində quraşdırılmış basketbol meydançasında Beynəlxalq Basketbol Federasiyası (FİBA), Azərbaycan Basketbol Federasiyası, Gənclər və İdman Nazirliyi və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq qadınlar arasında 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçirilib.

Basketbol yarışının açılış mərasimində elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Almaniya, Çin, Polşa, Rumıniya, Macarıstan, Çexiya, Misir, Ukrayna, Avstriya və Azərbaycan 3×3 qadın yığma komandaları, Çinin “Yuanda” və Azərbaycanın “Neftçi” klubu, ümumilikdə 10 ölkənin 12 komandası Dünya Qadın Seriyasının “Astara” mərhələsində mübarizə aparıb.

Dünya Qadın Seriyasının “Astara” mərhələsinin çempionu finalda Misir millisinə 21:15 hesabı ilə qalib gələn Çin seçmə komandası olub.