SON XƏBƏRLƏR

Astara Olimpiya İdman Kompleksində gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kros qaçışı və gimnastika növləri üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində Azertac-a istinadən verir.

Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin, rayon polis şöbəsinin, gənclər və idman idarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edilib ki, keçirilən yarışların əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğidir.

Sonra yarışlara start verilib. Gənclər 3 min metr məsafəyə kros qaçışı və gimnastika hərəkətləri üzrə yarışıblar.

Yarışların sonunda hər bir hərəkət üzrə birinci, ikinci və üçüncü yerləri tutan idmançılar Daxili İşlər Nazirliyinin idman cəmiyyəti tərəfindən müvafiq diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, tədbir Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.