SON XƏBƏRLƏR

Astara şəhərinin Dənizkənarı Park Bulvar Kompleksinin Xəzər dənizi sahilində hər həftəsonu keçirilən “İdman hamı üçün” layihəsi çərçivəsində “Karate hamı üçün” devizi ilə Kontakt karate və Kyokuşin karate idman növləri üzrə etüdlər və master klas təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 sentyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Təlim-məşqlər Azərbaycan Kontakt Karate Federasiyasının cənub zonası üzrə təlimatçı-məşqçisi, Federasiyanın nəzdində “Seiken” Kyokuşin Karate Klubunun direktoru, II Dan Qara kəmər ustası Azər Ağazadə tərəfindən keçirilib.

Qeyd edək ki, tədbir Gənclər və İdman Nazirliyi və Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, “Seiken” Kyokuşin Karate Klubunun dəstəyi ilə rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzini kütləviləşdirmək məqsədilə keçirilib.