SON XƏBƏRLƏR

Astara şəhər bulvarında idmançı şəhid Arif Qeybiyevin xatirəsinə həsr olunmuş yüngül atletika üzrə yarış keçirilib. Bu haqda məlumatı Azertac verib.

Yarış Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Atletika Federasiyasının təşəbbüsü ilə baş tutub. Tədbir zamanı şəhid Arif Qeybiyevin qəhrəmanlığından, şərəfli döyüş yolundan, vətənpərvərliyindən, xalqına sevgisindən danışılıb. Həmçinin, şəhidimizin ölkəmizin idman həyatına verdiyi töhfədən, yarışlarda qazandığı uğurlardan danışılıb, Birinci Avropa Oyunlarında olimpiya məşəlini məhz Astarada onun qaldırdığı qeyd edilib, olimpiya komandamızın ilk şəhidi olduğu vurğulanıb. Daha sonra tədbir idman yarışı ilə davam edib, qaliblər diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, Arif Qeybiyev 6 iyun 1997-ci ildən Astaranın Səncərədi kəndində anadan olub. O, kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi idi.

Tankçı Arif Qeybiyev minaya düşən dostunu – tankçı Mirahil Teymurlunu xilas etmək üçün öz tankından düşüb və erməni snayperinin gülləsinə tuş gələrək şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.