SON XƏBƏRLƏR

Masallılı 14 yaşlı qız Ümumdünya Şahmat Olimpiadasının qızıl medalını qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Belə ki, Nərmin Abdinova Naxçıvan şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının qızıl medalına sahiblənib.

Nərmin Yusif qızı Abdinova Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Bakı şəhər 308 saylı tam orta məktəbdə təhsil alıb. O, müxtəlif vaxtlarda Bakı şəhər (2018, 2019) və Azərbaycan (2018, 2019, 2021, 2022) birinciliklərinin qalibi, 14 yaşadək qızlar arasında Avropa çempionatının (2021) birincisi, dünya çempionatının (2022) beşincisi, bu il Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələri arasında dünya çempionu Mixail Botvinnik kuboku uğrunda keçirilən şahmat yarışında Azərbaycan yığması tərkibində gümüş medal mükafatçısı olub.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE), Azərbaycan Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən olimpiadada 23 ölkədən 34 komanda tərkibində 200-ə yaxın şahmatçı mübarizə aparıb. Naxçıvan Şahmat Mərkəzində keçirilən bu mötəbər yarışın (1-11 oktyabr) iştirakçıları arasında 50 titullu şahmatçı yer alıb. İsveçrə sistemi ilə keçirilən olimpiada 9 turdan ibarət olub.