SON XƏBƏRLƏR

Astara sakini Şinanaz İdrisova çayçı ailəsində böyüyüb. Dəfələrlə qabaqcıl çayçı adını qazanan Şahnaz xanım Azərtac-a müsahibə verib.

Ata və anası bu sahə ilə məşğul olduğu üçün ailənin bütün qız övladları kimi, o da çayçılığın sirlərinə yiyələnib. Şinanaz xanım hələ beşinci sinifdə oxuyarkən ilk dəfə çay yığımına başlayıb. Amma bu sevimli peşə onun təhsilinə mane olmayıb. Əksinə, hər sahədə zəhmətə qatlaşmağı öyrədib.

“Çay sahələri bizə atalarımızdan miras qalıb. Bu sevimli peşəyə 1970-ci ildən başlamışam. İşə anamla gələrdik. Evdə altı bacı idik, hamımız gedərdik çay yığmağa. Dəfələrlə qabaqcıl çayçı adını qazanmışam. İndiki kimi yadımdadır, 25 yaşım vardı, bir gündə 300 kiloqramdan çox çay yığmışdım. Bu xəbərdən sonra qəzetlərdə, jurnallarda şəkillərim çıxmağa başladı”, – deyə Şinanaz xanım qeyd edib.

O bildirir ki, çayın becərilməsi zəhmət tələb edən təsərrüfat növu olduğundan, vaxtında aqro-texniki qulluq göstərilməsə, çay kolları məhv olar. Onun üçün çayçılıqla məşğul olan adamlar çox məsuliyyətli olmalıdırlar.

Çayın dadlı və təravətli olması üçün ona düzgün qulluq göstərmək və dəqiq yığım aparmaq əsas şərtlərdəndir. Əks halda, çay sahəsindən gözlənilən nəticəni əldə etmək mümkün olmur. Çayçı xanımdan bu mövsüm emal müəssisələri bir kiloqram yaşıl çayı 1 manat 10 qəpiyə qəbul edib.