Lənkəranlı gənclər arasında kifayət qədər populyar olan “Tor coffee shop”-un təsisçisi İqrar bəylə keçirdiyimiz müsahibəni izləyicilərimizə təqdim edirik.
– Özünüz haqda biraz məlumat verə bilərsiniz?
1995-ci ildə Liman şəhərində doğulmuşam. 14-15 yaşıma kimi Limanda yaşamışam. Sonra əsgərlik, universitet, jurnalistika. Və sonra fikirləşdim ki, doğma məkan, Lənkərana köçüm.
– Lənkəranla necə bir bağlılığınız var?
Təbiətinə, özünə məxsus atmosferinə və şəhər memarlığına bağlıyam.
– Hazırda idarə etdiyiniz və ya üzvü olduğunuz layihələr hansılardır?
Hazırda, “Tor”-un təsisçisi, “İCMALAb”-la birgə şəhərsalma layihəsində yerli koordinatoram.
– Layihələri həyata keçirəndə nə kimi çətinliklərlə qarşılaşmısınız?
O qədər çətinliklər olur ki. Bizim insanlar transformasiya etmək, müsbətə doğru dəyişmək, yeni, innovativ alətləri həyatlarında doğru tətbiq etməkdə çox ləng və maneəvi davranırlar.
– Sizcə lənkəranlı gənclər digər regionların gənclərindən nə ilə seçilir?
Lənkəranlı gənclər ilk öncə “şəhərləşmə” mühitinə daha yatqındırlar, lakin tənbəldirlər.
– “Tor coffee shop” Lənkəran gəncləri arasında kifayət qədər populyar bir məkandır. Artıq neçə ildir fəaliyyət göstərirsiniz?
“Tor” bu ilin fevralından fəaliyyətə başlayıb. Amma bu məkanı saymasaq, 2019-cu ilin avqustundan.
– Lənkəranda belə bir məkanın varlığına ehtiyacın olduğunu haradan hiss etdiniz?
Daxili instinkt deyək. Mən burada öz video bacarıqlarımı bölüşəcəyim məkan axtarırdım. Harada ki, gənclər öz ideyaları, fikirlərini gerçəkləşdirmək, sağlam eksperimentlər etmək üçün bir məkanda toplaşırlar. Gördüm ki, belə bir yer yoxdur. Düşündüm ki, mən gəlib bunu edəcəm.
– Bir az “O biri otaq”dan danışaq. “O biri otaq” nədir və niyə məhz belə bir ad seçmisiniz?
Əslində “Tor” ümumən “O biri otaq”dır. Əsas məqsəd biznes deyil. Mənə vacibdir ki, şəhərdə canlanma, mədəni inkişaf olsun. Sadəcə görəndə ki, məkan biznesə oxşamağa başlayır, qərara gəldik ki, bir otağı digərlərindən ayıraq və daha sərbəst bir tərzdə dizayn edək. Burada gənclər özlərini daha rahat ifadə etsinlər.
– “O biri otaq”da tez-tez təlimlər baş tutur. Təlimlərin mövzusunu necə seçirsiniz?
Biz sorğular edirik. İştirakçıların fikirlərinə əsasən mövzular seçirik. İmkan daxilində onları reallaşdırırıq. Məsələn, əgər Bakıda yaşayan biri öz təcrübəsi ilə gəlib buradakı gənclərlə bölüşmək istəyirsə, biz buna imkan yaradırıq.
– Film nümayişləri haqda nə deyə bilərsiniz. Gənclərimiz hansı növ filmlərə üstünlük verir?
Bizdə hazırda bütün staff yerli gənclərdən ibarətdir. Əsasən onlar seçirlər filmləri. Burada həm də izləyicilərin fikirləri nəzərə alınır. Bizə maraqlıdır ki, onların mədəni istirahətləri üçün məkan təşkilində aktiv iştirak edək.
– Son olaraq “O biri otaq”ı gənclərə necə təsvir edərsiniz?
“O biri otaq” sizindir. Qısa və konkret. Məqsəd odur ki, Lənkəranda və ya bura yaxın ərazidə yaşayan biri bilsin və hiss etsin ki, onun maneəsiz, ödənişsiz, hətta ehtiyac yarandıqda dəstək alacağı bir emalatxanası, laboratoriyası var. Gəlsin özünü inkişaf etdirsin.