SON XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinə start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində verir.

Müsabiqə 4 nominasiya – şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs üzrə 3 mərhələdə keçirilir.

I mərhələ 9 yanvar – 28 fevral 2023-cü il tarixlərində keçirilir. Bu mərhələdə peşə və orta ixtisas təhsili müəssisələrində yaradılmış münsiflər heyəti tərəfindən hər nominasiya üzrə iştirakçılar müəyyənləşdirilir və onlar haqqında məlumatlar (ad, soyad, ata adı, təvəllüd, təhsil aldığı müəssisə, şəhər, ifa etdiyi şeir, mahnı, rəqsin adı, şəxsiyyət vəsiqəsinin surəti) Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron poçt ünvanına ([email protected]) göndərilir.

II mərhələ 1 mart – 4 aprel 2023-cü il tarixlərində zonalar üzrə keçirilir. Bu mərhələyə müsabiqənin I mərhələsində hər nominasiya üzrə I yeri tutan iştirakçılar qatılırlar. Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara, Cəbrayıl peşə və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə 7 mart saat 12:00-da Lənkəran Humanitar Kollecində keçiriləcək.

Müsabiqənin zona mərhələsində hər nominasiya üzrə I yeri tutan iştirakçılar 6-10 aprel 2023-cü il tarixlərində keçiriləcək respublika mərhələsində iştirak etmək hüququ qazanırlar.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

  • Bəstəkar mahnıları, təsnif və xalq mahnıları nominasiyaları üzrə təqdim olunan mahnıların ifası 3-4 dəqiqədən çox olmamalıdır (təqdim olunan mahnı minusla və ya akapella oxuna bilər);
  • Şeir nominasiyası üzrə təqdim olunan şeir ifası 3 dəqiqədən çox olmamalıdır (iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər);
  • Rəqs nominasiyası üzrə təqdim olunan rəqs ifası 3-4 dəqiqədən çox olmamalıdır (iştirakçılar milli rəqs geyimində olmalıdırlar).

Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 370 86 22, +994 55 539 55 22 telefon nömrələri ilə əlaqə saxlanıla bilər. Müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konsert 4 may 2023-cü il tarixində Bakı şəhərində keçiriləcək. Müsabiqədə I, II və III yerlərin qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar.