SON XƏBƏRLƏR

“Masal prodakşn”ın istehsalı olan “Sarəng” sənədli filminin təqdimat mərasimi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarixində verir.

Təqdimat mərasimi  noyabrın 28-də Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzində baş tutacaq.

Tanınmış bəstəkar, şair, həkim, alim Mir Kazım Aslanlı Sarəngin həyat və yaradıcılığından bəhs edən sənədli filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, məsləhətçisi Nurəddin Ədiloğludur. Filmdə Mir Kazım Aslanlı obrazını Cəmaləddin Əliyev canlandırıb.

Film Masallı rayon İcra Hakimiyyəti, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və Gözəl Yaşam Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.

Şair, alim, həkim, müəllim və bəstəkar Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olub. O doğulduğu il atası vəfat edib. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb, boya-başa çatdııb. Mir Kazım Aslanlı xeyli gec, 1945-ci ildə öz həmyerlisi, özündən yaşca çox kiçik olan Fəridə xanımla ailə qurub. Onların övladı olmayıb.  XX əsrin 60-cı illərində İstisuyun, həqiqətən də, müalicəvi olmasını Mirkazım Aslanlı sübut edib. O, həmçinin  Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadların və bir çox xəstəliklərin müalicə olunmasını sübut edib.

K. Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat edib, doğulduğu İsi kəndindəki qəbiristanlıqda, özünün vəsiyyətinə görə müqəddəs “Göy öküzün məzarı”nın yaxınlığında dəfn olunub.