Cəlilabad rayon sakini, 38 yaşlı Elçin Quliyev məişət tullantılarından müxtəlif maket və fiqurlar düzəldir. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 noyabr tarixində Baku TV-yə istinadən verir.
Dayaq hərəkət funksiyalarında fiziki məhdudiyyəti olan Elçin heç bir dərs almadan rəssamlıq texnikalarına yiyələnib. Onun sözlərinə görə, əvvəllər bu işi sadəcə marağı olduğu üçün görüb: “Gördüm ki, bu işi biznesə çevirmək olar. Başladım satmağa. Maketlərin ölçülərinə görə qiymət 5-15-20 manat arası dəyişir”.
Uşaqlıqdan avtomobil həvəskarı olan Elçin maşınların rəsmini çəkməkdən, maketlər hazırlayıb onlara texnologiya tətbiq etməkdən xüsusi zövq aldığını deyir. O, hətta hazırladığı yeni model avtomobil maketlərindən birini dünyaca məşhur avtomobil şirkətinə ünvanlayıb: “Maketi “Cadillac” avtomobil maketinin Rusiya dillerinə göndərdim, oradan mənə iki məktub gəldi. Nəticəsini gözləyirəm”.
Zibilliyə atılan plastik qablara, kardonlara ikinci həyat verən Elçin deyir ki, bu sənəti istedadlı yeniyetmələrə öyrətmək üçün emalatxana yaratmaq arzusundadır.